“Bu dünya çempionatı əvvəlkilərdən fərqlənir. Hər oyun böyük maraq doğurur”.
Bu sözləri Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət yığmasının məşqçisi Vaqif Cavadov dünya çempionatı ilə bağlı danışarkən deyib.
1/16 final mərhələsinin maraqlı və gözlənilməz nəticələrlə yadda qaldığını bildirən mütəxəssis xüsusilə Almaniya yığmasının mübarizəni erkən dayandırmasını sensasiya adlandırıb.
“Almaniyanın turnirlə erkən vidalaşması müəyyən mənada sensasiya oldu. Niderland millisinin də mundialdan kənarda qalması gözlənilmirdi. Əslində Niderland-Mərakeş oyununda üstün tərəfi əvvəlcədən müəyyənləşdirmək çətin idi. Sadəcə, penaltilər seriyasında şans Mərakeşdən yana oldu. Ümumilikdə, bu dünya çempionatı əvvəlkilərdən fərqlənir. Hər matç böyük maraq doğurur və düşünürəm ki, azarkeşlər də bu turnirdən xüsusi zövq alırlar”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Vaqif Cavadov turnirdə favoritinin Argentina yığması olduğunu söyləyib:
“Azarkeşlik etdiyim komanda Argentinadır. İndiyədək nümayiş etdirdikləri oyunla inamlı təsir bağışlayırlar. Turnirin sonrakı mərhələlərində nə baş verəcəyini isə zaman göstərəcək”.
O, Braziliya millisinin hələ də çempionluğa əsas namizədlərdən biri olduğunu vurğulayıb:
“Bugünkü Braziliya millisini 10 il əvvəlki komanda ilə müqayisə etmək düzgün olmaz. Futbol dəyişib, Braziliya millisində də müəyyən dəyişikliklər baş verib. Buna baxmayaraq, bu komanda yenə də dünya çempionatının favoritlərindən biridir. Düşünürəm ki, indiyədək və qarşıdakı mərhələlərdə üz-üzə gələcəyi rəqiblər fonunda üstün tərəf məhz Braziliya olacaq. Amma yarımfinalda Argentina və ya İngiltərə kimi güclü rəqiblərdən biri ilə qarşılaşacağı təqdirdə komandanın əsl gücünü daha aydın görəcəyik”.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
