Yaponiya futbol millisinin azarkeşləri 2026-cı il dünya çempionatında Braziliya ilə oyundan sonra stadionu təmizləməklə yenidən diqqət mərkəzinə düşüblər.
İdman.Biz xəbər verir ki, yapon azarkeşlərin istifadə etdiyi mavi zibil torbaları təkcə təmizlik üçün nəzərdə tutulmayıb. Onlar oyun başlamazdan əvvəl və matç zamanı həmin torbaları hava ilə dolduraraq başları üzərində yelləyib komandalarına dəstək veriblər. Qarşılaşma başa çatdıqdan sonra isə eyni torbalardan zibil toplamaq üçün istifadə ediblər.

Bununla belə, təmizlik işində bütün azarkeşlər iştirak etməyib.
Oyunun final fitindən təxminən 30 dəqiqə sonra stadion əməkdaşları yapon azarkeşlərdən arenanı tərk etməyi xahiş ediblər. Azarkeşlər sakit şəkildə tribunaları tərk edərək çıxışa doğru gedərkən yerdə qalan zibilləri də toplayıblar.
Yaponiyalı azarkeş Kazuma bu davranışı belə izah edib:
“Bizdə belə bir məsəl var: bir yeri tərk edəndə onu ora girdiyin vaxtdan daha yaxşı vəziyyətdə qoymalısan. Bunu uşaqlıqdan valideynlərimdən eşitmişəm. Babam və nənəm də bunu deyirdi. Sonra müəllimim də bizə bunu izah etdi. Bu, bizim ənənəmizdir, hətta həyat tərzimizin bir hissəsidir”.

Digər azarkeş Yoşi isə bildirib ki, bu davranış onlar üçün qeyri-adi deyil:
“Biz sadəcə ətrafımızı təmiz saxlamağa öyrəşmişik. Bu, bizim məsuliyyətimiz və həyat tərzimizdir. Hər şey məktəbdən başlayır. Orada sinifləri və məktəb mühitini özümüz təmizləyirik. Beləcə yaşadığımız və işlədiyimiz yerə birlikdə qayğı göstərməyi öyrənirik”.
Yoşi əlavə edib ki, dünya çempionatının təşkilatçıları stadionun təmizliyinə cavabdeh olsalar da, yapon azarkeşlər öz zibillərini toplamağı şəxsi məsuliyyət sayırlar.

