Messi və Mbappe zirvədə: DÇ-2026-nın bombardiri kim olacaq?

1 İyul 2026 09:38
144
Messi və Mbappe zirvədə: DÇ-2026-nın bombardiri kim olacaq?

Futbol üzrə dünya çempionatı-2026-da mübarizə təkcə kubok uğrunda deyil, həm də turnirin ən yaxşı bombardiri adına görə davam edir.

1/16 final mərhələsinin növbəti oyunlarından sonra bombardirlər siyahısında iki superulduz liderdir.

İdman.Biz xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi və Fransa yığmasının hücumçusu Kilian Mbappenin aktivində altı qol var. Mbappe İsveçlə oyunda dubl edərək Messiyə çatıb və hazırda hər iki futbolçu “Qızıl buts” yarışına birlikdə başçılıq edir.

Liderlərdən cəmi bir qol geri qalan Erlinq Holand da əsas namizədlər sırasındadır. Norveç millisinin hücumçusunun hesabında beş qol var və o, istənilən anda zirvəyə yüksələ bilər.

Sonrakı pillədə isə hərəyə dörd qol vuran Vinisius Junior (Braziliya) və Usman Dembele (Fransa) qərarlaşıblar. Hər iki futbolçu çempionatın əsas favoritlərindən sayılan komandaların heyətində çıxış edir.

Maraqlıdır ki, ilk beşlikdə yer alan futbolçuların hamısı mundialda mübarizəni davam etdirir. Argentina, Fransa, Norveç və Braziliya artıq 1/8 finala yüksəlib. Bu isə o deməkdir ki, onların hər birinin qol hesabını artırmaq üçün ən azı bir oyunu da olacaq.

Yarışdan hələlik geri qalmayanlar da var. Harri Keyn (İngiltərə), Conatan Devid (Kanada), Yoan Vissa (DR Konqo) və digər bombardirlər komandaları növbəti mərhələyə yüksələrsə, liderlərə ciddi rəqib ola bilərlər.

Hazırkı mənzərə isə göstərir ki, Messi, Mbappe və Holand üçlüyü tədricən rəqiblərindən ayrılmağa başlayır. Bununla belə, dünya çempionatlarının tarixi dəfələrlə sübut edib ki, pley-off mərhələsində vurulan bir dubl və ya het-trik bombardirlər yarışının bütün mənzərəsini dəyişə bilər.

İdman.Biz