İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamal 2026-cı il dünya çempionatındakı çıxışı və turnirdə diqqətini çəkən oyunçular barədə danışıb.
İdman.Biz xəbər verir ki, 18 yaşlı vinger bu barədə COPE-yə müsahibəsində bildirib.
Yamal özünü yaxşı hiss etdiyini və növbəti matça hazır olduğunu deyib:
“Özümü çox yaxşı hiss edirəm, böyük istək və həyəcan var. Bir neçə böyük komandanın turnirlə vidalaşdığını gördük. Bu mərhələ bizi ruhlandırır. Hazırda 80-90 faiz formadayam və yüksəlirəm. Avstriyaya qarşı 90 dəqiqə oynamağa hazıram”.
Yamal İspaniya millisinin oyununa yönələn tənqidlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu mərhələdə əsas məqsəd nəticə qazanmaqdır:
“Əsas olan qalib gəlməkdir. Əlbəttə, yaxşı oynamaq lazımdır. Amma yaxşı oynayıb uduzsan, hamımız kədərlənəcəyik. Göstərdiyimiz səviyyədən daha yaxşıyıq. Sadəcə qalib gəlib növbəti mərhələyə keçməliyik. Artıq 70 faiz kifayət etmir, 100 faiz istəyirik. Amma sakit qalmaq, addım-addım irəliləmək lazımdır”.
Gənc futbolçu dünya çempionluğuna inandığını da gizlətməyib:
“Dünya çempionatını da, Çempionlar Liqasını da qazanmaq istəyirəm. Düşünürəm ki, dünya çempionatını bu il qazanacağam, Çempionlar Liqası isə daha çətin olacaq. Bu, vəsvəsə deyil, amma inanıram ki, DÇ-ni qazanacağıq”.
Yamal millidə liderlik məsuliyyətini qəbul etdiyini deyib:
“Pedri, Rodri və Niko çox yaxşı futbolçulardır. Amma mən “Barselona”nın 10 nömrəsiyəm, cinah oyunçusuyam və hansısa anda matçın taleyini dəyişə bilərəm. Buna görə xoşbəxtəm. Təzyiq hiss etmirəm. Təzyiq yalnız səndən istəniləni edə bilməyəndə problem olur. Mən isə bunu bacardığımı düşünürəm. İnanmaq lazımdır. İndi vacib mərhələ başlayır. Bundan sonra yaxşı oynasaq, heç kim qrup mərhələsindən danışmayacaq”.
Yamal turnirdə hansı futbolçuların çıxışını bəyəndiyini də açıqlayıb. O, Braziliya millisinin və “Real Madrid”in hücumçusu Vinisius Junioru xüsusi qeyd edib:
“Vinisius Juniorun bu dünya çempionatında göstərdiyi oyunu çox bəyənirəm. Leo Messinin çıxışı da xoşuma gəlir. Mərakeş millisindən İsmayıl Saybari isə məni təəccübləndirib”.
