2026-cı il dünya çempionatı təkcə yeni formatı, 48 komandalı tarixi və Şimali Amerikada keçirilən böyük futbol bayramı ilə yadda qalmır. Bu turnir həm də son 20 ilin futboluna damğa vuran böyük nəslin vida səhnəsi kimi görünür. Lionel Messi, Kriştianu Ronaldu, Luka Modriç və onların dövrünün digər simaları artıq sadəcə futbolçu deyil, bütöv bir futbol erasının rəmzləridir.
İdman.Biz xəbər verir ki, DÇ-2026 bu mənada xüsusi emosional yük daşıyır. Çünki meydanda hələ də böyük adlar var, amma zaman artıq onların lehinə işləmir. Hər oyun, hər qol, hər ötürmə və hər vida baxışı futbol tarixinin son böyük kadrlarından birinə çevrilə bilər.

Kriştianu Ronaldu - altıncı mundial və rekordlarla yazılan son fəsil
Kriştianu Ronaldu DÇ-2026-da Portuqaliya millisinin ən yaşlı (41 yaş) və ən məşhur futbolçusudur. FIFA Portuqaliyanın heyətini açıqlayarkən onun altıncı dünya çempionatına hazırlaşdığını xüsusi qeyd edib.
O, 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı il dünya çempionatlarında Portuqaliyanı təmsil edib. 2006-da gənc cinah oyunçusu olan Ronaldu 2026-da artıq cərimə meydançasında bitirici hücumçu və simvolik lider rolundadır.
DÇ-2026-da onun Özbəkistan üzərində 5:0 hesablı qələbədə dubl etməsi hazırkı durumunu göstərir. Amma Portuqaliya artıq tamamilə onun üzərində qurulan komanda deyil. Bruno Fernandes, Bernardo Silva, Vitinya, Joao Neves, Rafael Leao, Joao Feliks və Qonsalo Ramuş oyun yükünü bölüşən yeni nəsli formalaşdırır.
Ronaldunun 2030-cu il dünya çempionatında iştirakı nəzəri olaraq mümkündür, amma real görünmür. O vaxt onun 45 yaşı olacaq. Dünya çempionatı səviyyəsində hücumçudan təkcə qol yox, pressinq, topsuz hərəkət, müdafiə balansı, sürətli keçidlər və yüksək temp də tələb olunur.

Lionel Messi - Argentina üçün hələ də oyun planının mərkəzi
Lionel Messi DÇ-2026-ya 39 yaşında gəlib. Argentina millisinin kapitanı turnirə son dünya çempionu statusunda başlayıb və Lionel Skaloninin komandasında hələ də əsas fiqurlardan biridir.
Bu, Messinin altıncı dünya çempionatı təcrübəsidir. O, 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı il mundiallarında Argentina millisinin heyətində yer alıb. 2022-ci ildə Qətərdə dünya çempionu olan Messi həm də Maradonadan sonra Argentina futbolunun ən böyük simvolu kimi tarixə düşüb.
DÇ-2026-da da Messi sadəcə heyətdə olan veteran deyil. O, qrup mərhələsində Argentina hücumlarının əsas fiqurlarından biri kimi çıxış edib və vurduğu qolla komandasının qrup liderliyinə yüksəlməsində mühüm rol oynayıb.
Messinin rolu dəyişib. O, əvvəlki illərdəki kimi hər epizodu sürətlə aparan futbolçu deyil. Argentina indi onun sürətinə yox, qərarvermə bacarığına, son ötürməsinə, standart vəziyyətlərdə ustalığına, oyunun ritmini idarə etməsinə və liderliyinə güvənir.
2030-cu il dünya çempionatında Messi 43 yaşında olacaq. Bu yaşda hücumameyilli futbolçunun mundial səviyyəsində əsas oyunçu kimi qalması çox çətindir. Bərpa müddəti, oyun intensivliyi, pressinq tempi və Argentina millisində yeni nəslin artan rolu onun üçün əsas maneələr olacaq.
Onun gedişi Argentina üçün təkcə bir futbolçunun itkisi deyil. Messi gedəndə komanda meydanda qərar verən, oyunun emosional ağırlığını daşıyan və rəqibin diqqətini öz üzərinə çəkən simasını itirəcək. Bundan sonra yük daha çox Xulian Alvares, Lautaro Martines, Enso Fernandes, Aleksis Mak Allister və yeni nəsil kreativ oyunçuların üzərinə düşəcək.

Luka Modriç - Xorvatiyanın futbol yaddaşı
Luka Modriç DÇ-2026-da 40 yaşında Xorvatiya millisinin kapitanıdır. O, 2006-cı ildən bu yana Xorvatiyanın dünya çempionatlarındakı əsas simalarından biridir.
Modriç 2006, 2014, 2018, 2022 və 2026-cı il mundiallarında iştirak edib. 2018-ci ildə millinin kapitanı kimi Xorvatiyanı finala daşıyan futbolçulardan biri olub və həmin ilin sonunda “Qızıl top” qazanıb.
DÇ-2026-da onun üçün ən simvolik məqamlardan biri Panama ilə oyun olub. Modriç həmin matçda 200-cü dəfə Xorvatiya millisinin formasını geyinib, komandası isə 1:0 hesablı qələbə qazanıb.
Modriçin oyun üslubu yaşa fərqli müqavimət göstərir. O, sürətə əsaslanan futbolçu deyil. Onun gücü meydanı oxumaq, topu düzgün istiqamətə yönəltmək, təzyiq altında sakit qalmaq və Xorvatiyanın tempini idarə etməkdir. Amma 2030-cu ildə onun 44 yaşı olacaq. Mərkəz yarımmüdafiəçisi üçün təcrübə böyük üstünlükdür, lakin dünya çempionatı səviyyəsində oyun tempi, ikili mübarizələr və 90 dəqiqəlik konsentrasiya yaşla daha ağır yükə çevrilir.
Mateo Kovaçiç və Marselo Brozoviç kimi təcrübəli adlar var, amma onların da yaşı artır. Yoşko Qvardiol, Luka Suçiç, Martin Baturina və Petar Suçiç kimi futbolçular isə gələcək strukturun əsas hissəsinə çevrilə bilər.

Nikolas Otamendi - Messinin arxasındakı son qala
38 yaşlı Nikolas Otamendi DÇ-2026-da Argentina millisinin ən təcrübəli müdafiəçilərindən biridir. O, Argentina üçün sadəcə mərkəz müdafiəçisi deyil, arxa xəttin son böyük fiqurlarından biridir. Otamendi 2010, 2018, 2022 və 2026-cı il mundial dövrlərində millinin vacib adlarından biri olub.
DÇ-2026-da Otamendinin rolu daha çox təcrübə, hava mübarizəsi, mövqe seçimi və liderlik üzərində qurulub. Amma yaş faktoru mərkəz müdafiəçiləri üçün də ciddi sınaqdır. Müasir futbolda rəqib hücumçular boş sahəyə daha sürətlə qaçır, müdafiə xətti isə daha yuxarıda qurulur. Bu səbəbdən 2030-cu ildə 42 yaşı olacaq Otamendinin eyni səviyyədə çıxış etməsi real görünmür.

Neymar - Braziliyanın istedad, ağrı və yarımçıq qalan hekayəsi
Neymar DÇ-2026-da Braziliya millisinin heyətindədir. O, yaş baxımından Messi və Ronaldu qədər irəli getməsə də, karyerasının ağır fiziki mərhələsinə daxil olub. Neymarın problemi təkcə yaş deyil, illərdir davam edən zədələrdir. Braziliyada o, 2010-cu illərin əsas siması, Pele və Ronaldo Nazariodan sonra ən böyük hücum istedadlarından biri kimi qəbul olunur.
Dünya çempionatlarında Neymarın hekayəsi hələ də tamamlanmamış qalır. 2014-də ev sahibi Braziliyanın ən böyük ümidi idi, amma zədə səbəbindən yarımfinal faciəsində meydanda olmadı. 2018 və 2022-ci illərdə də böyük gözləntilərlə turnirə yollandı, lakin Braziliya hədəfinə çata bilmədi.
2030-cu ildə Neymar 38 yaşında olacaq. Texniki keyfiyyəti buna imkan versə də, zədə tarixçəsi və Braziliyada yeni hücum nəslinin güclənməsi onun mundialda əsas rol almasını çətinləşdirir. Vinisius Junior, Rodriqo, Endrik, Estevao, Rafinya və digər sürətli hücumçular Braziliyanın yeni mərhələyə keçdiyini göstərir. Və nəzərə alsaq ki, baş məşqçi Karlo Ançelotti son ana qədər onun milliyə çağırılmasına tərəddüd edirdi.

Kevin De Brüyne - Belçikanın qızıl nəslinin son beyni
Millidə 122 oyun keçirən və 38 qol vuran Kevin De Brüyne DÇ-2026-ya 35 yaşında gəlib. O, Belçikanın “qızıl nəsli”nin ən ağıllı futbolçusu sayılır. Eden Azar, Romelu Lukaku, Tibo Kurtua, Aksel Vitsel və digər futbolçularla birlikdə Belçikanı dünya futbolunun əsas güclərindən birinə çevirib. 2018-ci il dünya çempionatında üçüncü yer bu nəslin ən böyük mundial nəticəsi olub.
De Brüyne Belçikanın Yeni Zelandiya üzərində 5:1 hesablı qələbəsində vurduğu qolla millinin ən yaşlı mundial qolçusuna çevrilib.
Onun oyunu sürətə yox, meydanı görmək və qərar vermək bacarığına əsaslanır. Bu, yaşlanmanı müəyyən qədər kompensasiya edir. Amma son illərdəki zədələr, yüksək temp və bərpa müddəti De Brüyne üçün əsas problemdir. 2030-cu ildə onun 39 yaşı olacaq və bu yaşda dünya çempionatı səviyyəsində əsas oyun qurucusu olmaq çox çətindir.

Vircil van Deyk - Niderlandın lider müdafiəçisi
35 yaşlı Vircil van Deyk millidə 96 oyun keçirib və 13 qol vurub. O, son illərin ən güclü mərkəz müdafiəçilərindən biridir. “Liverpul”la qazandığı uğurlar, Çempionlar Liqası və Premyer Liqa titulundakı rolu onun futbol tarixində yerini müəyyənləşdirib.
Niderland millisində Van Deyk müdafiənin lideri və kapitan fiqurudur. Onun üstünlüyü fiziki güc, hava topları, mövqe seçimi və müdafiə xəttini idarə etmək bacarığıdır.
2030-cu ildə 38 yaşı olacaq. Mərkəz müdafiəçisi üçün bu yaş mümkünsüz deyil, lakin Niderland kimi yüksək müdafiə xətti ilə oynayan komandada sürət və çeviklik böyük önəm daşıyır.

Qilyermo Oçoa - Meksikanın mundial simvolu
Qilyermo Oçoa Meksika millisinin qapıçısı kimi 154 oyun keçirib. 41 yaşlı qolkiper dünya çempionatlarının ən tanınan simalarından biridir. Onun adı xüsusilə 2014-cü ildən etibarən mundial qurtarışları ilə yadda qalıb. Meksika üçün Oçoa yalnız qapıçı deyil, böyük turnir obrazıdır.

Manuel Noyer - Almaniyanın qapı fəlsəfəsini dəyişən adam
Manuel Noyer DÇ-2026-ya 40 yaşında gəlib və ümumilikdə milli karyerasında 128 oyun keçirib. Noyer sadəcə qapıçı deyil, müasir “sweeper-keeper” modelinin - klassik qapıçıdan fərqli olaraq cərimə meydançasından kənarda da aktiv oynayan qolkiper tipinin ən böyük simvoludur. 2014-cü ildə Almaniyanın dünya çempionluğunda onun rolu tarixi idi. O, qapıçı anlayışını dəyişdi: yalnız qurtarış edən yox, müdafiə xəttinin arxasını bağlayan, ayaqla oyuna başlayan lider obrazı yaratdı.
Noyer artıq milli komandada karyerasını başa vurduğunu açıqlayıb. Bu səbəbdən DÇ-2026 onun dünya çempionatları ilə bağlı son böyük xatirəsi kimi görünür.

Edin Ceko - Bosniya və Herseqovinanın futbol siması
Edin Ceko 1986-cı il təvəllüdlüdür. O, millidə 150 oyun keçirib və 73 qol vurub.
Ceko Bosniya və Herseqovina futbolunun ən böyük adıdır. Onun üçün DÇ-2026 xüsusi məna daşıyır: bu ölkə üçün dünya çempionatında iştirakın özü böyük hadisədir. Ceko isə komandanın həm kapitanı, həm də tarixi yaddaşıdır.
2030-cu ildə onun mundial səviyyəsində oynaması real görünmür.

Vozinya - Kabo-Verdenin tarixi qapıçısı
DÇ-2026-da parlayan Vozinyanı da unutmaq olmaz. 40 yaşlı qapıçı millidə 93 oyun keçirib.
Kabo-Verde üçün DÇ-2026 tarixi turnirdir. Vozinya bu tarixin ən təcrübəli simalarından biridir. Onun qapıdakı inamlı duruşu qısa müddətdə dünya mediasının və sosial şəbəkələrin diqqətini çəkib.
Yeni dövrün astanasında
Bu futbolçuların hər biri DÇ-2026-ya fərqli hekayə ilə gəlib. Amma ümumi mənzərə eynidir: DÇ-2026 bir dövrün son böyük səhnəsi olacaq.
2030-cu ildə keçiriləcək növbəti dünya çempionatında futbol səhnəsi böyük ölçüdə başqa adların olacaq. Lamin Yamal, Cud Bellinqem, Kilyan Mbappe, Camal Musiala, Florian Virts, Vinisius Junior, Endrik, Xulian Alvares, Erlinq Holand, Pedri və digər yeni nəsil artıq bu keçidin işarələrini verir.
