Futbol üzrə Almaniya millisinin qapıçısı Manuel Noyer milli komandada karyerasını yenidən başa vurub.
İdman.Biz xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlubiyyətdən sonra “Bild” nəşrinə açıqlamasında qərarını təsdiqləyib.
Oyundan sonra Noyerdən bunun onun millidə son oyunu olub-olmadığı soruşulub. Təcrübəli qapıçı sualı qısa cavabla təsdiqləyib: “Bəli”.
Beləliklə, 2014-cü ilin dünya çempionu ikinci dəfə Almaniya millisindən ayrılıb. Noyer daha əvvəl iki il öncə yığma karyerasını bitirsə də, baş məşqçi Yulian Naqelsmann onu DÇ-2026 üçün komandaya qayıtmağa razı salıb.
Paraqvayla oyunda Noyer penaltilər seriyasında bir zərbəni dəf etsə də, Almaniyanı turnirdə saxlaya bilməyib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada Almaniya penaltilərdə 3:4 hesabı ilə uduzub və 1/16 finalda mübarizəni dayandırıb.
Bu məğlubiyyətlə Noyerin Almaniya millisindəki uzun və uğurlu karyerası da yekunlaşıb.
