“Düşünürəm ki, Argentina dünya çempionu ola bilər. Fikrimcə, hazırda kuboku qazanmaq üçün ən real şans onlardadır”.
Bu sözləri sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev dünya çempionatı ilə bağlı danışarkən deyib.
Mundialın oyunlarını izlədiyini bildirən veteran idmançı favorit komandasının Portuqaliya millisi olduğunu desə də, hazırda ən inamlı oyunu Argentina yığmasının nümayiş etdirdiyini vurğulayıb.
“Hamı bilir ki, Kriştianu Ronaldunun azarkeşiyəm. Amma təəssüf ki, Portuqaliya elə də yaxşı oyun nümayiş etdirmir. Mənə elə gəlir ki, hazırda ən baxımlı və inamlı futbolu Argentina oynayır. Komandada Lionel Messi kimi elə bir lider var ki, digər futbolçular da ona baxaraq daha böyük həvəslə mübarizə aparırlar. Bu səbəbdən Argentinanın turnirin qalibi olacağını düşünürəm”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Portuqaliya millisi iyulun 3-də 1/16 finalda Xorvatiya ilə qarşılaşacaq. Argentina yığması isə bir gün sonra eyni raundda Kabo-Verde ilə münasibətlərinə aydınlıq gətirəcək.
