Nikola Yurçeviç: “Portuqaliya çox güclü komandadır, amma şanslar bərabərdir”

30 İyun 2026 14:22
88
Nikola Yurçeviç: “Portuqaliya çox güclü komandadır, amma şanslar bərabərdir”

“Portuqaliya millisi çox güclü komandadır. Heyətində yüksəksəviyyəli futbolçular var”.

Bu sözləri futbol üzrə Azərbaycan millisinin xorvatiyalı sabiq baş məşqçisi Nikola Yurçeviç ölkəsinin dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya seçməsinə qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

Hazırda Xorvatiyanın gənc futbolçulardan ibarət milli komandalarının texniki məsləhətçisi vəzifəsində çalışan mütəxəssis Portuqaliyanın çətin rəqib olduğunu bildirib.

“Bununla belə, şansımızın olduğuna inanıram. Hətta deyərdim ki, şanslar bərabərdir. Çünki son iki görüşdə qalib gəlmişik. Xorvatiya tədricən formaya düşür və buna görə də qarşıdakı oyunla bağlı nikbinəm”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

N.Yurçeviç qarşılaşmanın həm də müasir futbolun iki canlı əfsanəsi - Kriştianu Ronaldu və Luka Modriçin dünya çempionatlarında son oyunu ola biləcəyini vurğulayıb:

“Görüş çox maraqlı olacaq. Çünki böyük ehtimalla bu, həm Kriştianu Ronaldu, həm də Luka Modriç üçün son dünya çempionatıdır. Ronaldudan danışsaq, o, son 20 ildə inanılmaz nəticələr göstərib və 1000-ə yaxın qol vurub. Bu mundialda da qol vurmaq bacarığını nümayiş etdirdi. Özbəkistanla matçda iki dəfə fərqləndi. Təbii ki, qarşıdakı oyunda Xorvatiya millisi üçün çox təhlükəli futbolçu olacaq. Ümid edirəm ki, müdafiə xəttimiz onu zərərsizləşdirməyin yolunu tapacaq”.

Xorvatiyalı mütəxəssis turnirin favoritləri barədə də fikirlərini açıqlayıb:

“Kağız üzərində və ilk üç oyuna əsasən, Fransanı əsas favorit hesab edirəm. Bu komandanın Kilian Mbappe, Usman Dembele və digər yüksəksəviyyəli futbolçulardan ibarət güclü heyəti var. İspaniya, Braziliya, Argentina və İngiltərə də çempionluğa əsas namizədlər sırasındadır”.

İyulun 2-dən 3-nə keçən gecə təşkil olunacaq Portuqaliya - Xorvatiya matçı Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ilin fevralından dekabr ayınadək Azərbaycan yığmasında işləyib. O, Xorvatiya millisində köməkçi məşqçi kimi də çalışıb.

İdman.Biz