Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilər seriyasında məğlub olduqları oyundan sonra taktiki seçimini müdafiə edib.
İdman.Biz xəbər verir ki, Kuman 4-3-3 əvəzinə 5-2-3 sxeminə üstünlük verməsinə görə peşman deyil. O, NOS-a açıqlamasında eyni vəziyyət olsa, yenə bu planı seçəcəyini deyib.
“Buna görə peşman deyiləm. Yenidən seçim etməli olsam, yenə eyni qərarı verərdim”, - deyə baş məşqçi bildirib.
Kumanın sözlərinə görə, Niderland əvvəlki üç oyunda rəqiblərə həddən artıq çox imkan yaradıb və bu səbəbdən dəyişiklik zəruri olub.
“Biz belə oynamağı seçdik, çünki son üç oyunda çox şey verdik. Buna göz yumub eyni şəkildə davam etmək olardı, amma məncə, belə məqamda nəyisə dəyişmək məşqçinin işidir”, - deyə o əlavə edib.
Niderlandlı mütəxəssis tənqidlərə də sərt reaksiya verib.
“Bütün Niderland beş müdafiəçi ilə oynamağı istəyirdi. Beş müdafiəçi ilə oynayırsan, sonra buna görə tənqid olunursan... Bu, mənim heç... vecimə deyil. Bunların hamısı oyundan sonrakı söhbətlərdir. Oyundan sonra hamı həqiqəti bilir”, - deyə Kuman vurğulayıb.
Baş məşqçi penaltilər seriyasını da həlledici məqam kimi göstərib. Onun fikrincə, Mərakeşin ikinci penaltisi psixoloji baxımdan çox vacib olub.
“Bart Verbruggen topu saxladı, amma öz dabanı ilə onu tora saldı. Belə məqamlar da sənə qarşı olanda artıq hər şey bitir”, - deyə Kuman bildirib.
O, Niderlandın beş penaltidən üçünü qaçırmasını ağır nəticə adlandırıb. Castin Kleyvert, Kvinten Timber və Krisensio Sammervill zərbələri dəqiq yerinə yetirə bilməyiblər.
Mütəxəssis Niderland millisindəki gələcəyi barədə isə hələ danışmaq istəməyib. Kuman bu barədə artıq fikirlərinin olduğunu, amma qərarını açıqlamaq üçün uyğun vaxt olmadığını söyləyib.
Qeyd edək ki, Mərakeş 1/16 finalda Niderlandı penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Mərakeş 1/8 finalda Kanada ilə üz-üzə gələcək.
