Argentina yığması futbol üzrə 2026-cı il dünya çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, J qrupunun axırıncı turunda son dünya çempionları İordaniyanı 3:1 hesabı ilə məğlub edib.
Argentina bu oyuna ciddi rotasiya ilə çıxıb. Baş məşqçi Lionel Skaloni bir sıra liderləri, o cümlədən Lionel Messini ehtiyatda saxlayıb. Buna baxmayaraq, Cənubi Amerika təmsilçisi kapitanı start heyətində olmadan da oyuna nəzarəti tez ələ alıb.
19-cu dəqiqədə hesabı Covani Lo Çelso açıb. O, cərimə zərbəsini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə isə Lautaro Martinez VAR müdaxiləsindən sonra təyin olunan penaltini qola çevirərək fərqi artırıb.
Fasilədən sonra İordaniya cavab verə bilib. 55-ci dəqiqədə Musa Əl-Tamari fərqlənərək komandasının debüt dünya çempionatındakı ən yaddaqalan qollarından birini vurub.
60-cı dəqiqədə meydana Messi daxil olub. 80-ci dəqiqədə isə Argentina kapitanı cərimə zərbəsindən fərqlənərək matçda son nöqtəni qoyub.
Bu qol Messi üçün 2026-cı il dünya çempionatında altıncı qol olub.
Argentina 9 xalla J qrupunu birinci pillədə tamamlayıb. Skaloni komandasının 1/16 finaldakı rəqibi Kabo-Verde olacaq. İordaniya isə debüt mundialını xalsız başa vursa da, tarixi qol və dünya çempionuna qarşı mübariz oyunla yadda qalıb.
