Futbol üzrə dünya çempionatının J qrupunun son turunda Avstriya və Əlcəzair yığmaları turnirin ən dramatik oyunlarından birinə imza atıblar. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, pley-offa vəsiqənin taleyi oyunun son toxunuşunda müəyyənləşib.
28-ci dəqiqədə Marko Arnautoviç Avstriyanı hesabda önə çıxarıb. Lakin ilk hissənin sonlarında Rafik Belqali tarazlığı bərpa edib. İkinci hissənin əvvəlində Marsel Zabitser yenidən avstriyalıları önə keçirib, amma beş dəqiqə sonra Riyad Mahrez hesabı yenidən bərabərləşdirib.
Oyunun heç-heçə başa çatacağı və bunun hər iki komandanı qane edəcəyi düşünülürdü. Ancaq əlavə vaxt əsl futbol dramına çevrilib. 90+3-cü dəqiqədə Mahrez ikinci qolunu vuraraq Əlcəzairi önə çıxarıb - 3:2. Həmin anda Avstriya üçüncü pilləyə düşür və çempionatla vidalaşır, İran isə (ən yaxşı üçüncü yer tutan komanda sırasında) pley-off iştirakçısına çevrilirdi.
Lakin son söz Avstriyanın oldu. Meydana sonradan daxil olan Saşa Kalaydziç 90+6-cı dəqiqədə baş zərbəsi ilə hesabı bərabərləşdirib. Bu qol Avstriyanı məğlubiyyətdən xilas etməklə yanaşı, komandanı yenidən ikinci pilləyə yüksəldib və İranın bütün ümidlərini puça çıxarıb.
Beləliklə, Argentina 9 xalla J qrupunun qalibi olub. Avstriya 4 xalla ikinci yeri tutaraq 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Əlcəzair isə ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksələrək İsveçrə ilə üz-üzə gələcək.
