Futbol üzrə dünya çempionatı-2026-da qruplarında üçüncü yeri tutan komandalar arasında 1/16 final uğrunda mübarizə davam edir. Yeni reqlamentə əsasən, 12 qrup üçüncüsündən ən yaxşı 8-i pley-off mərhələsinə yüksəlir. Buna görə də son turun oyunları bu komandalar üçün həlledici əhəmiyyət daşıyır.
İdman.Biz xəbər verir ki, hazırda ən rahat vəziyyətdə 4 xal toplamış komandalar – İsveç, Ekvador, Bosniya və Herseqovina, eləcə də Paraqvaydır. Hazırkı vəziyyətə görə bu dörd yığma artıq faktiki olaraq 1/16 finala vəsiqəni təmin edib.
3 xalı olan komandaların vəziyyəti isə daha mürəkkəbdir. Bu sıraya Seneqal, İran, Cənubi Koreya, eləcə də qrup mərhələsini hələ başa vurmamış komandalar daxildir. Burada təkcə xallar deyil, top fərqi, vurulan qollar və digər əlavə göstəricilər də həlledici rol oynaya bilər.
Ən böyük maraq J, K və L qruplarında olacaq.
J qrupu. Son turdan əvvəl Argentina 6 xalla liderdir, Avstriya və Əlcəzairin hərəsinin 3, İordaniyanın isə 0 xalı var. Əsas diqqət Əlcəzair – Avstriya qarşılaşmasına yönələcək. Qalib gələn komanda böyük ehtimalla birbaşa pley-offa yüksələcək, məğlub olan isə 3 xalla üçüncü yerdə qala bilər. Heç-heçə olacağı təqdirdə hər iki komanda 4 xal toplayacaq və əlavə göstəricilər ikinci və üçüncü yerlərin sahibini müəyyən edəcək. Bu halda üçüncü yeri tutacaq komandanın da pley-off şansı çox yüksək olacaq.
K qrupu. İki turdan sonra Kolumbiyanın 6, Portuqaliyanın 4, Konqo DR-nin 1, Özbəkistanın isə 0 xalı var. Son turda Kolumbiya Portuqaliya ilə, Konqo DR isə Özbəkistanla qarşılaşacaq. Konqo qalib gəlsə, 4 xalla üçüncü yeri tutaraq pley-off uğrunda ciddi üstünlük əldə edə bilər. Özbəkistan qalib gələcəyi halda isə 3 xalla üçüncü ola bilər, lakin top fərqi onun vəziyyətini xeyli çətinləşdirəcək.
L qrupu. İngiltərə və Qananın 4, Xorvatiyanın 3, Panamanın isə 0 xalı var. İngiltərə Panama ilə, Xorvatiya isə Qana ilə üz-üzə gələcək. Xorvatiya qalib gəlsə, ilk iki pilləyə yüksəlmək şansı qazanacaq və bu halda Qana 4 xalla üçüncü yeri tuta bilər. Xorvatlar heç-heçə etsələr, 4 xalla üçüncü yerdə qalaraq demək olar ki, pley-offa vəsiqə əldə edəcəklər. Məğlubiyyət isə onları çox çətin vəziyyətə salacaq.
Hazırkı mənzərə göstərir ki, 4 xal demək olar ki, 1/16 finala vəsiqə deməkdir. 3 xalla isə hər şey digər qrupların nəticələrindən və əlavə göstəricilərdən asılı olacaq. Son turun oyunları yalnız birbaşa pley-off vəsiqələrinin deyil, həm də ən yaxşı üçüncü yerlər uğrunda mübarizənin taleyini müəyyən edəcək.
