Futbol üzrə İran millisinin baş məşqçisi Əmir Qalenoy Misirlə DÇ-2026-nın qrup mərhələsinin son turundan sonra keçirilən mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, mütəxəssis ilk növbədə komandasının çıxışını yüksək qiymətləndirib.
“Bir daha xalqımla, ölkəmlə, şəhidlərimizlə və futbolçularımla fəxr etdiyimi demək istəyirəm. İran millisinin gənc futbolçularının etdikləri tarixə düşməlidir. Çünki ev sahibi bizə qarşı ən pis münasibəti göstərdi.
Bu üç oyun bizim üçün bir neçə mühüm məqamı ortaya qoydu. Hər üç görüşdə matçın ən yaxşı oyunçusu İran millisindən seçildi. Bundan başqa, ilk dəfə dünya çempionatının qrup mərhələsini məğlubiyyətsiz başa vurduq. İndiyədək düşünürdüm ki, biz bəxti gətirməyən komandayıq, amma indi başa düşdüm ki, həm də çox bəxtsizik. Buna baxmayaraq, bu futbolçularla fəxr etməliyik.
Bugünkü rəqibimiz turnirdən əvvəl Braziliya ilə oynayıb, Yeni Zelandiya isə İngiltərə ilə yoxlama görüşü keçirib. Biz isə Tixuanan şəhərinin(Meksika) gənclər komandası ilə qarşılaşmışdıq. Bütün bunlar texniki, taktiki və fiziki hazırlığımıza təsir göstərdi. Buna baxmayaraq, İran millisi elə bir oyun nümayiş etdirdi ki, indi hamı bu komandanı sevir və dünya çempionatında yoluna davam etməsini istəyir. Sabahkı oyunların nəticəsini gözləyirik. Qalanını isə Allah müəyyən edəcək”, – deyə Qalenoy bildirib.
