Futbol üzrə 2026-cı il dünya çempionatında qruplarında üçüncü yeri tutan komandalar arasında ən yaxşı səkkiz komanda müəyyənləşib.
İdman.Biz xəbər verir ki, turnirin reqlamentinə əsasən, qrup mərhələsini üçüncü pillədə başa vuran 12 yığmadan ən yaxşı səkkizi 1/16 finala vəsiqə qazanır.
Bu sıralama topladıqları xal, top fərqi, vurulan qollar və digər əlavə göstəricilər əsasında müəyyən edilir.
Beləliklə, üçüncü yerlərdən pley-offa yüksələn komandalar DR Konqo, İsveç, Qana, Ekvador, Bosniya və Herseqovina, Əlcəzair, Paraqvay və Seneqal olub.
Ən dramatik talehi isə İran yaşayıb. Komanda qrup mərhələsində heç bir oyunda məğlub olmayıb, hər üç görüşdə heç-heçə edib və topların fərqini 3:3 səviyyəsində tamamlayıb. Lakin 3 xal pley-off üçün kifayət etməyib.
Həlledici məqam Əlcəzair - Avstriya matçında yaşanıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda Əlcəzair 3:2 hesabı ilə irəlidə olarkən Avstriya qrupda üçüncü yerə enəcək, İran isə pley-offa yüksələcəkdi. Ancaq avstriyalılar son saniyələrdə hesabı bərabərləşdirərək ikinci pilləni qoruyublar. Nəticədə Əlcəzair 4 xalla ən yaxşı üçüncülər sırasında növbəti mərhələyə yüksəlib, İran isə bu reytinqdə doqquzuncu pillədə qalıb.
Sonda İran üçün həlledici müqayisə Seneqalla aparılıb. Hər iki komandanın hesabında 3 xal olsa da, Seneqal top fərqinə görə üstün olub: sıfıra qarşı +2. Məhz buna görə Afrika təmsilçisi səkkizinci yeri tutaraq son pley-off vəsiqəsini qazanıb.
Beləliklə, İran, Cənubi Koreya, Şotlandiya və Uruqvay dünya çempionatı ilə qrup mərhələsində vidalaşıblar. İranın turnirlə məğlubiyyətsiz ayrılması isə mundialın ən maraqlı paradokslarından biri kimi yadda qalıb.
