Yaponiya millisinin baş məşqçisi Hadzime Moriyasu 2026-cı il dünya çempionatının pley-off mərhələsində Braziliya millisinə qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
İdman.Biz xəbər verir ki, matç iyunun 29-da olacaq.
ESPN-in məlumatına görə, Moriyasu deyib: “Braziliyaya qarşı yenidən oynamaq əla təcrübə olacaq. İnanırıq ki, irəliləmək şansımız var. Buna hazırlaşacağıq. Yaponiyada yoldaşlıq oyunu keçirdik və həmin oyunu qazandıq. Bəlkə də bu, onları daha da motivasiya edir. Yenidən oynamaq şansımız olacaq. Səbirsizliklə gözləyirik, səbirsizliklə gözləyirəm.
Yaponiya əvvəllər Braziliya üçün asan rəqib idi. Son oyunda bunun belə olmadığını sübut etdik. Bu, bizim üçün böyük bir irəliləyiş idi, çünki Braziliya dünyanın ən yaxşı komandalarından biridir. Oyunda nə baş verəcəyini bilmirik, amma qalib gəlməyə ümid edirik. Bir çox braziliyalı Yaponiyada çalışıb və biz onlara çox minnətdarıq. Əminəm ki, bu insanlar çatdığımız zirvələri görməkdən məmnundurlar”.
Son yoldaşlıq oyununda Yaponiya Braziliyanı 3:2 hesabı ilə məğlub edib.
