Türkiyə millisinin DÇ-2026-da son oyun günü komandanın turnirlə yaddaqalan vidası kimi tarixə düşdü. Yığma mundialdakı ilk və yeganə qələbəsini qrup lideri ABŞ-ni 3:2 hesabı ilə məğlub edərək qazandı. Lakin bu nəticənin artıq turnir baxımından heç bir əhəmiyyəti yox idi.
İdman.Biz-in ABŞ-dəkı əməkdaşının verdiyi məlumata görə, komandasının məğlub olmasına baxmayaraq, bu gün amerikalı azarkeşlər üçün əsl bayrama çevrilmişdi. Oyunun start fitindən bir neçə saat əvvəl stadionun ətrafında böyük canlanma hiss olunurdu. Ərazi sözün əsl mənasında qaynayırdı və amerikalılar əsl kostyumlu karnaval təşkil etmişdilər.
Əsas mövzu, təbii ki, ABŞ bayrağı idi. Onu hər yerdə görmək mümkün idi: üzlərinə çəkilmiş qrimdə, daş-qaşlarla bəzədilmiş aksesuarlarda, futbolkalarda, papaqlarda, plaşlarda, hətta müxtəlif kostyumlarda. Kospley də diqqətdən kənarda qalmamışdı. Küçələrdə bir neçə Corc Vaşinqton obrazına, digər tarixi şəxsiyyətlərə, eləcə də ABŞ-nin milli rəmzi olan ağbaş qartal kostyumunda azarkeşlərə rast gəlmək olurdu.
Bunun fonunda Türkiyə azarkeşləri xeyli təvazökar görünürdülər. Əksəriyyət sadəcə sinəsində kiçik bayraq olan qırmızı və ya ağ rəngli futbolkalar geyinmişdi. Say baxımından da onlar amerikalılardan xeyli az idilər. Buna görə də oyun başlamazdan əvvəl belə təəssürat yaranırdı ki, üstünlük ABŞ tərəfində təkcə turnir cədvəlində deyil, stadiondan kənarda da hiss olunur.
Ab-hava da fərqli idi. Amerikalılar böyük ümumi bayram ovqatı yaradırdılar. Hətta uğurlu qrup mərhələsindən sonra onların çoxu tam ciddi şəkildə ABŞ millisinin dünya çempionu ola biləcəyini deyirdi.
Türkiyə azarkeşləri isə əksinə, məyusluqlarını gizlətmirdilər. Xüsusilə də komandanın tamamilə fərqli nəticə göstərəcəyinə inanaraq Türkiyədən xüsusi gələn azarkeşlər üçün bu, ağır idi.
Bir neçə saat sonra hər kəs artıq Los-Ancelesdəki stadionun tribunalarında bir araya gəldi. Yeri gəlmişkən, arenanın özü ayrıca diqqətə layiqdir. Müasir dizaynı, qabaqcıl texnologiyaları, şəlalə formasında qurulmuş fəvvarələri və tamamilə yeni görünüşü onu DÇ-2026-nın ən təsirli stadionlarından birinə çevirir.
Yüksək texnologiyalar burada hər addımda hiss olunur. Hətta media akkreditasiyasının alınması da müəyyən mənada Azərbaycanın ASAN xidmət sistemini xatırladır: pasport avtomatik skan edilir, sistem üzü tanıyır, bundan sonra isə ekranda nömrənin görünməsini gözləmək qalır. Turnirin təşkili müasir futbolun nə qədər rəqəmsallaşdığını bir daha nümayiş etdirir.
Matçdan əvvəl hər şey klassik ssenari üzrə keçdi: bayraqlar meydana gətirildi və dövlət himnləri səsləndirildi. Tribunada Türkiyə azarkeşlərinin sayının xeyli az olduğu açıq görünürdü. Üstəlik, hər iki komandanın rəngləri eyni olduğundan qırmızı-ağ sektorlar bir-birinə qarışmışdı və türkiyəli azarkeşləri seçmək daha da çətin idi.
Oyunun artıq turnir baxımından heç nəyi həll etməməsinə baxmayaraq, ona maraq böyük idi. Stadion tədricən demək olar ki, tam doldu. Türklər üçün bu, nəhayət mundialdakı ilk qələbəni qazanmaq, amerikalılar üçün isə qrup lideri statusunu təsdiqləmək şansı idi.
Görüşün başlanğıcı Türkiyə tərəfi üçün ağrılı oldu. ABŞ artıq üçüncü dəqiqədə hesabı açdı. Tribunalar sözün əsl mənasında partladı: tanımadığı insanlar bir-birini qucaqlayır, bəziləri isə sevincini yaxınları ilə bölüşmək üçün dərhal videozəng edirdi. Amma Türkiyənin cavabı özünü çox gözlətmədi. ABŞ azarkeşlərinin sevinci xeyli səngidi, daha sonra isə stadionda Azərbaycan azarkeşlərinə də yaxşı tanış olan "Bir daha!" şüarları səsləndi.
Mətbuat mərkəzində baş verənləri izləmək də az maraqlı deyildi. Buradakı jurnalistlərin əksəriyyəti ABŞ mediasını təmsil etsə də, onlar demək olar ki, emosiyalarını büruzə vermədən sakit şəkildə işləməyə davam edirdilər. Türkiyəli həmkarları isə tam fərqli davranırdılar. Milli komanda oynayanda yalnız jurnalist olaraq qalmaq çətindir. Onlar yerlərindən qalxır, hər epizoda emosional reaksiya verir, futbolçuların qərarlarını müzakirə edirdilər.
Oyunun taleyi son dəqiqələrdə həll olundu. Məhz həmin anda Türkiyə qələbəni qopardı. ABŞ azarkeşləri, əlbəttə ki, məyus idilər. Ancaq onların çoxu bu məğlubiyyəti kifayət qədər sakit qarşıladı. Sanki hər kəs Türkiyənin bu turnirdə heç olmasa bir qələbəyə layiq olduğunu qəbul edirdi.
Həmin axşamın əsl mənzərəsi isə qarışıq zonada yaşandı. Jurnalistlər Arda Güləri cəmi bir neçə saniyə görə bildilər. Onun mətbuatla danışmaq üçün geri qayıdacağı gözlənilsə də, bu baş vermədi. Buna görə də onu dünya çempionatlarında qol vuran ən gənc türkiyəli futbolçu kimi tarixi nailiyyəti münasibətilə təbrik etmək mümkün olmadı.
Bunun əvəzində Türkiyə millisinin digər futbolçuları dayandılar. Komanda qalib gəlsə də, onların sözlərində demək olar ki, sevinc yox idi. Əksinə, azarkeşlər qarşısında məsuliyyət hissi, təəssüf və buraxılan səhvlərin etirafı üstünlük təşkil edirdi.
ABŞ futbolçuları isə tam fərqli təsir bağışlayırdılar. Məğlubiyyətə baxmayaraq, demək olar ki, hamısı qarışıq zonada dayanır və jurnalistlərlə həvəslə söhbət edirdi. Türkiyə millisinin oyunçuları ilə isə vəziyyət fərqli idi – onların yorğunluğu və emosional boşluğu açıq hiss olunurdu. Bununla belə, məhz Azərbaycan mediasına açıqlama vermək xahişi öz nəticəsini verdi. Mert Müldür və Uğurcan Çakır İdman.Biz-in suallarını cavablandırmağa razılıq verdilər. Xüsusilə də Çakırın Azərbaycan haqqında səmimi fikirləri xoş sürpriz oldu.
Bu axşam bir daha göstərdi ki, qələbə hər zaman xoşbəxtlik gətirmir, məğlubiyyət isə insanı gülümsəmək üçün səbəblərdən məhrum etmir. Türkiyə dünya çempionatını əldən verilmiş imkan hissi ilə tərk etdi. Amerikalılar isə son turdakı uğursuzluğa baxmayaraq, yoluna davam etdilər və bunu daha böyük ambisiyalarla etdilər.
