Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili DÇ-2026-da Kabo-Verde futbol millisinə azarkeşlik etməsinin səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb.
O, bunun iki səbəbi olduğunu deyib:
“Birincisi, mən həmişə zəif tərəfi dəstəkləyirəm. İkinci səbəb isə Kiyev Universitetinin birinci kursunda oxuyarkən Antuaneta Lopes adlı çox gözəl kaboverdeli qıza aşiq olmağımdır”.
Saakaşvilinin sözlərinə görə, sovet ordusuna çağırılana qədər iki il həmin qızla Kiyev Universitetinin binasında eyni parta arxasında oturub, Kiyev küçələrində, parklarında və kinoteatrlarında birlikdə vaxt keçirib.
Keçmiş prezident Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində çox sayda kaboverdeli tələbənin oxuduğunu da xatırladıb. O, onların digər afrikalı tələbələrdən yaxşı təhsilləri ilə seçildiyini vurğulayıb.
Saakaşvili Kabo-Verde xalqını səmimi və mehriban adlandırıb. O, həmin adalarda olduğunu da qeyd edib və Kabo-Verdenin ərazi, mədəniyyət və etnik baxımdan Afrikadan daha çox Avropaya yaxın olduğunu bildirib.
Gürcüstanın sabiq prezidenti əlavə edib ki, Kabo-Verde mübarizəni dayandıracağı halda Niderland millisinə azarkeşlik edəcək:
“Əgər Kabo-Verde mübarizəni dayandırsa, onda çox sevdiyim Niderland yığmasını dəstəkləyəcəyəm. Bəlkə də çempionluğu da qazanarıq”.
