Braziliya futbol millisi 2026-cı il dünya çempionatında Şotlandiya ilə oyunda Vinisius Juniorun ləğv edilən qolu ilə bağlı FIFA-ya etiraz göndərib.
İdman.Biz xəbər verir ki, Cənubi Amerika təmsilçisi matçda qəbul edilən qərarın turnirdə tətbiq olunan ümumi yanaşma ilə uyğun gəlmədiyini hesab edir.
Braziliya tərəfi arqument kimi Argentina - Avstriya matçında Aleksis Mak Allisterin epizodunu göstərib. Onların fikrincə, həmin oyunda Lionel Messinin ilk qolundan əvvəl qayda pozuntusu qeydə alınmayıb.
Braziliya Futbol Konfederasiyası Vinisiusun Şotlandiya ilə görüşdə ləğv olunan qolunun gözlənilməz qərar olduğunu bildirib. Qeyd olunub ki, epizodun VAR-da yoxlanılması və qolun ləğvi təkcə braziliyalılar üçün yox, şotlandiyalı futbolçular üçün də sürpriz olub.
Hadisə görüşün 22-ci dəqiqəsində baş verib. Vinisius Şotlandiya müdafiəçisi Cek Hendrini pressinq zamanı topdan ayıraraq fərqlənib. Lakin meksikalı baş hakim Sezar Ramos VAR yoxlamasından sonra braziliyalı vingerin qaydanı pozduğunu müəyyən edib və qolu ləğv edib.
Qeyd edək ki, Braziliya millisi Şotlandiyanı 3:0 hesabı ilə məğlub edib.
