Türkiyə futbol millisinin və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Arda Güler DÇ-2026-dakı uğursuz çıxışa münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu qrup mərhələsindəki nəticələrə görə tənqidləri qəbul etdiyini deyib.
Türkiyə yığması D qrupunda üç oyundan sonra cəmi üç xal toplayıb və sonuncu yeri tutaraq turnirlə vidalaşıb. Komanda ilk iki turda Avstraliya və Paraqvaya uduzub, son görüşdə isə ABŞ-yə 3:2 hesabı ilə qalib gəlib.
Arda Güler öz çıxışından da narazı qaldığını bildirib. O, nə özünün, nə də komanda yoldaşlarının mundialda yaxşı oyun göstərə bildiyini etiraf edib.
Futbolçu pis oynadığını, komanda olaraq uğursuz çıxış etdiklərini və bu səbəbdən bütün tənqidləri haqlı saydığını söyləyib. Güler ümid etdiyini bildirib ki, Türkiyə millisi bundan sonra buraxdıqları səhvləri düzəldə biləcək.
Yarımmüdafiəçi ABŞ ilə matçdan əvvəl əhvalının aşağı olması ilə bağlı deyilənlərə də toxunub. O, tənqidə açıq olduğunu və səsləndirilən bütün iradları qəbul etdiyini vurğulayıb.
