Almaniyalı məşqçi Yurgen Klopp futbol üzrə DÇ-2026 zamanı verdiyi müsahibəni yarımçıq qoyması ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, hadisə Kloppun ABŞ-də Almaniyanın Magenta TV telekanalı üçün ekspert kimi çalışdığı vaxt baş verib. O, jurnalistlərin suallarını cavablandırarkən Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger ətrafında yaranan irqçilik qalmaqalı barədə danışmaq istəməyib.
Məsələ Almaniya millisinin Kot-d'İvuara 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra yaranıb. ARD telekanalında ekspert kimi çıxış edən Şvaynştayger rəqib komandanın oyun üslubunu “Afrika futbolu” adlandırıb. O, Fildişi Sahilinin oyununu “bəzən qeyri-ənənəvi, bir qədər vəhşi, tam taktiki olmayan və gözlənilməz” kimi xarakterizə edib.
Bu ifadələr Almaniyada müzakirələrə səbəb olub. Bir sıra media nümayəndələri və şərhçilər Şvaynştaygerin sözlərində Afrika futboluna qarşı köhnə stereotiplərin olduğunu bildiriblər.
“DW Sports”un jurnalisti bu mövzu ilə bağlı Kloppdan münasibət öyrənmək istəyib. Lakin “Liverpul”un sabiq baş məşqçisi suala kəskin reaksiya verib:
“İndi də bu mövzunu davam etdirmək istəyirsiniz? Xeyr, xeyr. Mənim bu suala cavab vermək şansım yoxdur. Bu, ciddi mövzudur və mən nə deməyin düzgün olduğunu belə bilmirəm. Afrikalılar üçün bu bir cür, başqaları üçün başqa cür qəbul edilə bilər. Mən burada bunun üçün deyiləm”.
Klopp daha sonra sualın alman jurnalist tərəfindən verilməsinə də təəccübləndiyini bildirib:
“Şükür edirdim ki, heç kim məndən bunu soruşmadı. Siz isə fürsət tapdınız. Maraqlıdır ki, siz də almansınız. Bu məni çox təəccübləndirdi”.
Bundan sonra Klopp jurnalistlərin yanından uzaqlaşıb və müsahibəni davam etdirməyib.
Qeyd edək ki, almaniyalı idman jurnalisti Filipp Avounu “Spiegel”də yazdığı məqalədə Şvaynştaygerin ifadələrini problemli adlandırıb. Bununla belə, o, sabiq futbolçunun irqçi kimi təqdim edilməsinin doğru olmadığını vurğulayıb.
