İspaniyanın “Atletiko Madrid” klubunun və İspaniya millisinin futbolçusu Aleks Baena DÇ-2026-da Uruqvayla qarşılaşma ərəfəsində “Real Madrid”in yarımmüdafiəçisi Fede Valverde ilə bağlı danışıb.
İdman.Biz xəbər verir ki, Baena 2023-cü ildə Valverde ilə aralarında yaşanan qalmaqalın ona ciddi təsir etdiyini bildirib. İspaniyalı futbolçu həmin hadisədən sonra böyük psixoloji təzyiq altında qaldığını etiraf edib.
“Fede Valverde ilə aramızda baş verənlərə görə az qala futbolu atırdım. Bütün bu yaşananlar məni çox yormuşdu”, - deyə Baena bildirib.
O, Uruqvay millisi ilə oyun öncəsi Valverde ilə yenidən üz-üzə gəlməsinə də münasibət bildirib:
“Fede və Uruqvay millisinə qarşı matçdan əvvəl həyəcanlanıram? Xeyr. Bəlkə, o bir az daha çox həyəcanlanır”.
Qeyd edək ki, Baena və Valverde arasında qalmaqal 2023-cü ildə “Real Madrid” - “Vilyarreal” matçından sonra yaşanıb. Valverdenin “Santyaqo Bernabeu” stadionunun dayanacağında Baenaya zərbə endirdiyi iddia olunub. İspaniyalı futbolçu isə Valverdenin ailəsi ilə bağlı ona aid edilən ağır sözləri demədiyini bildirib. Sonradan İspaniya Futbol Federasiyasının Yarış Komitəsi Valverde ilə bağlı işi sübut çatışmazlığı səbəbindən bağlayıb.
Uruqvay - İspaniya qarşılaşması DÇ-2026-nın H qrupunda keçiriləcək. Oyun 27 iyun Bakı vaxtı ilə saat 04:00-da Qvadalaxara stadionunda start götürəcək.
