Sabah Santa-Klarada keçiriləcək Paraqvay - Avstraliya matçı ərəfəsində İdman.Biz-in müxbiri Melburnda olan ab-havanı oxuculara təqdim edir.
Qrup mərhələsinin həlledici qarşılaşmasına sayılı saatlar qalıb və Melburndakı atmosfer getdikcə ölkənin ən böyük idman hadisələrinin keçirildiyi günləri xatırlatmağa başlayır. Toni Popoviçin komandası üçün bu, sadəcə növbəti oyun deyil – söhbət dünya çempionatının pley-off mərhələsinə vəsiqədən gedir.
D qrupunda iki turdan sonra vəziyyət gərgin olaraq qalır. Avstraliya millisi turnirə Türkiyə üzərində inamlı qələbə ilə başlasa da, daha sonra ABŞ yığmasına məğlub olub. Nəticədə növbəti mərhələyə yüksəlmək taleyi Paraqvayla son tur matçından asılı vəziyyətə düşüb.
Avstraliyalı ekspertlər "Sokkeruz"un perspektivlərini kifayət qədər müsbət qiymətləndirirlər. Amerikalılara 0:2 hesablı məğlubiyyətə baxmayaraq, komanda ənənəvi olaraq yığmanın güclü tərəfləri sayılan nizam-intizamlı və təşkilatlanmış oyun nümayiş etdirib.
İdman şərhçiləri qeyd edirlər ki, hazırkı komanda əvvəlki tsikllərlə müqayisədə daha balanslı təsir bağışlayır. Man of Many nəşrinin fikrincə, ekspertlərin proqnozları daha çox 1:0 və ya 1:1 hesabları üzərində qurulub. Bununla belə, çox şeyin risk altında olduğu son dərəcə gərgin matç gözlənilir.
Əgər ABŞ-la əvvəlki qarşılaşmanı azarkeşlər səhər saat 5-də izləməli olmuşdularsa, Paraqvayla oyun Avstraliya vaxtı ilə günorta başlayacaq. Bu amil matç ətrafındakı atmosferi kökündən dəyişir.
Qarşılaşma böyük ajiotaj yaradıb. Bir çox şirkətlər əməkdaşlarına oyunu birbaşa iş yerlərində izləməyə icazə verib, bəzi ofislərdə isə kollektiv baxışlar təşkil olunur.
Avstraliya KİV-i artıq bu günü “Sokkeruzun Böyük Avstraliya xəstəlik məzuniyyəti günü” adlandırıb. Bununla onlar işini futbol naminə təxirə salmağa hazır olan çoxsaylı insanlara eyham vururlar.
Azarkeşlərin əsas toplaşma məkanı yenə də Federasiya Meydanı (“Federation Square”) olacaq. Burada nəhəng ekranla təchiz olunmuş pulsuz fan-zona təşkil edilib. Şəhər rəhbərliyi tamaşaçı axınının çox böyük olacağını gözlədiyindən insanlara öncədən gəlməyi tövsiyə edir. Meydan dolacağı təqdirdə azarkeşlər əlavə məkanlara, o cümlədən “AAMI Park” stadionuna yönləndiriləcəklər.
ABŞ-la oyunda şəhərin mərkəzinə minlərlə insan toplaşmışdı. Avstraliya mediasının məlumatına görə, təkcə Melburnda “Federation Square” və “AAMI Park”da matçı 16 mindən çox azarkeş izləyib. Atmosfer o qədər emosional olub ki, polis kütləyə nəzarət etmək üçün atlı patrulları da xidmətə cəlb edib.
Xüsusilə diqqətçəkən məqam odur ki, futbola maraq artıq ənənəvi auditoriyanın sərhədlərini çoxdan aşıb. Bu dəfə söhbət yalnız milli komandanın fanatlarından getmir. Oyunun müzakirəsinə ofislər, məktəblər, kafelər və idman klubları da qoşulub. Şəhərin biznes mərkəzində yerləşən bir çox barlar matç vaxtı üçün yerlərin əvvəlcədən bron edildiyini açıqlayıblar. Bəzi məkanlar qapılarını start fitindən bir saat əvvəl açacaqlar.
Səhər tezdən keçirilən əvvəlki oyunlardan fərqli olaraq, bu qarşılaşma şəhər üçün əsl gündüz hadisəsinə çevriləcək. Biznes mərkəzində kafe və restoranların dolacağı gözlənilir. Küçələrdə artıq Avstraliya millisinin yaşıl-qızılı rənglərində geyinmiş insanlar görünməyə başlayıb.
Təşkilatçıların qiymətləndirməsinə görə, şəhərdəki atmosfer “Australian Open” və ya AFL finalları kimi böyük idman hadisələrini xatırladacaq. Belə günlərdə şəhərin idman həyatı bir neçə saat ərzində bütün diqqəti öz üzərinə çəkir.
Melburn sakinlərinin böyük hissəsi üçün Paraqvayla qarşılaşma 2022-ci il dünya çempionatındakı uğurun təkrarlanması və Avstraliya millisini yenidən pley-offda görmək imkanı kimi qəbul olunur.
Məhz buna görə də hazırda şəhərdəki əhval-ruhiyyəni həyəcan, ümid və qarşıdakı oyunun son illərdə ölkə futbolu üçün ən vacib günlərdən birinə çevriləcəyi inamının qarışığı kimi xarakterizə etmək olar.
