Futbol üzrə dünya çempionatında qrup mərhələsinin 12-ci oyun gününə start veriləcək.
İdman.Biz xəbər verir ki, diqqət mərkəzində I və J qrupları olacaq. İlk turdan sonra burada artıq aşkar favoritlər müəyyənləşsə də, pley-off uğrunda mübarizə getdikcə daha da qızışır. Fransa və Norveç uğurlu startın davamını gətirməyə çalışacaq, Argentina ilə Avstriya qrup liderliyi uğrunda üz-üzə gələcək, İordaniya və Əlcəzair isə səhv etmək haqqının demək olar ki, olmadığı qarşılaşmada münasibətlərinə aydınlıq gətirəcəklər.
Argentina - Avstriya (22 iyun, 21:00, burada və bundan sonra vaxt Bakı vaxtı ilə göstərilib)
Günün əsas qarşılaşması J qrupunda keçiriləcək. Argentina titulun müdafiəsinə Əlcəzair üzərində inamlı 3:0 hesablı qələbə ilə başlayıb. Lionel Messi het-trik müəllifi olaraq yenidən turnirin əsas simalarından birinə çevrilib. Avstriya da ilk turda İordaniyanı 3:1 hesabı ilə məğlub edib. Buna görə də Dallasda keçiriləcək görüş faktiki olaraq qrupun əsas favoritini müəyyənləşdirə bilər.
İlk turdan sonra Argentina və Avstriyanın aktivində 3 xal var. Lakin topların daha yaxşı fərqinə görə Cənubi Amerika təmsilçisi öndə qərarlaşıb. Bu görüşün qalibi pley-offa vəsiqəni təmin edəcək. Heç-heçə isə top fərqində üstünlüyə malik olan Argentina üçün daha sərfəli nəticə sayılır.
Avstriya yığmasının heyətlə bağlı yaxşı xəbərləri də var. Müdafiəçi Ştefan Poş üz nahiyəsindən aldığı zədəyə baxmayaraq oynamağa hazırdır və xüsusi maska ilə meydana çıxa bilər. Ralf Ranqnik artıq bildirib ki, Argentinaya qarşı komandası onun rəhbərliyi dövründəki ən yaxşı oyunlardan birini keçirməlidir. Bu, kifayət qədər real qiymətləndirmədir. Avstriyanın pressinqi rəqibə problemlər yarada bilər. Lakin Messi, Alvares, Lautaro və Argentinanın güclü yarımmüdafiə xəttinə qarşı yalnız cəsarət kifayət etməyəcək.
Fransa - İraq (23 iyun, 01:00)
Fransa I qrupun ikinci turuna aşkar favorit statusunda çıxır. Didye Deşamın komandası ilk oyunda Seneqalı 3:1 hesabı ilə məğlub edib. Kilian Mbappe isə dərhal bombardirlər yarışına qoşulub. İraq isə turnirə Norveçə 1:4 hesablı məğlubiyyətlə başlayıb. Bununla belə, komandanın nümayiş etdirdiyi oyun yekun hesabdan daha yaxşı təsir bağışlayıb.
İlk turdan sonra Norveç top fərqinə görə qrupa başçılıq edir, Fransa ikinci pillədə qərarlaşıb. Seneqal və İraq isə hələ xal qazana bilməyiblər. Fransa üçün Filadelfiyadakı qələbə növbəti mərhələyə yüksəlmək məsələsini həll edə bilər. İraq üçün isə bu, təkcə müdafiə olunmaq deyil, ən azı bir xal uğrunda mübarizə aparmaq məcburiyyətində olduğu oyundur.
İraq millisinin baş məşqçisi Qrem Arnold bildirib ki, komandası öz cərimə meydançasına qapanmaq niyyətində deyil. Bu, riskli olsa da, başadüşülən yanaşmadır. Norveçə məğlubiyyətdən sonra iraqlılar artıq yalnız hesabı qorumaq haqqında düşünə bilməzlər. Onlar üçün yaxşı xəbər Əli Qasimin zədəsini sağaldaraq heyətə qayıtmasıdır. Lakin əla formada olan Mbappenin liderlik etdiyi Fransa yığmasını dayandırmaq düzgün motivasiya ilə meydana çıxmaqdan qat-qat çətin olacaq.
Norveç - Seneqal (23 iyun, 04:00)
Norveç ilk turun ən xoş sürprizlərindən biri olub. Stole Solbakkenin komandası İraqı 4:1 hesabı ilə darmadağın edib. Erlinq Holand isə dünya çempionatlarındakı debüt matçında dubla imza atıb. İndi isə skandinaviyalıları tam fərqli sınaq gözləyir. Fransa ilə oyunda məğlub olan Seneqalın yenidən xal itirmək lüksü yoxdur.
I qrupda Norveç 3 xalla birinci yerdədir, Seneqalın isə xalı yoxdur. Qələbə norveçliləri pley-offa yüksəldəcək və Fransa ilə son tur matçını qrup liderliyi uğrunda qarşılaşmaya çevirəcək. Seneqal isə uduzacağı təqdirdə son tur öncəsi çox ağır vəziyyətə düşəcək.
Komandaların şəxsi görüşlər tarixində Seneqalın xoş xatirəsi var. Rəqiblər indiyədək yalnız bir dəfə – 2006-cı ildə qarşılaşıblar və Afrika təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Hazırkı Seneqalın da üstünlükləri kifayət qədərdir – sürət, fiziki güc, Sadio Manenin təcrübəsi və boş zonalarda oynamaq bacarığı. Amma Norveç ilk turdan sonra istənilən səhvi cəzalandıra biləcək komanda təsiri bağışlayır.
Solbakken artıq futbolçularını arxayınlaşmamağa çağırıb və xüsusilə Seneqalın sürətli əks-hücumlarının təhlükəsinə diqqət çəkib. Bu, tam doğru yanaşmadır. Qarşılaşma Norveçin İraqla oyunu qədər birtərəfli keçməyə bilər. Əgər Seneqal start təzyiqinə tab gətirə və Holandı əlverişli ötürmələrdən məhrum edə bilsə, intriqa uzun müddət yaşayacaq. Əks halda, norveçlilər pley-offa çox yaxınlaşa bilərlər.
İordaniya - Əlcəzair (23 iyun, 07:00)
Oyun gününün son matçında J qrupunun ilk turunda məğlub olan iki komandası qarşılaşacaq. İordaniya Avstriyaya 1:3 hesabı ilə uduzsa da, xoş təsir bağışlayıb və dünya çempionatları tarixində ilk qolunu vurub. Əlcəzair isə Argentinaya 0:3 hesabı ilə məğlub olub. Komandaya əsas zərbəni Lionel Messinin het-triki vurub.
Hazırda İordaniya qrupda üçüncü, Əlcəzair isə dördüncü pillədə qərarlaşıb. Hər iki komandanın hesabında xal yoxdur. Buna görə də Kaliforniyada keçiriləcək görüş yaşamaq uğrunda mübarizəyə çevrilir. Qələbə ikinci və ya üçüncü yer uğrunda mübarizəni davam etdirmək üçün real şans yaradacaq. Məğlubiyyət isə növbəti mərhələyə gedən yolu demək olar ki, çıxılmaz vəziyyətə salacaq.
İordaniya millisinin baş məşqçisi Camal Sellami bildirib ki, komandası mundialdakı debüt oyununun yaratdığı həyəcanı artıq arxada qoyub. Bu vacib məqamdır. Çünki Avstriyaya qarşı iordaniyalılar müəyyən anlarda cəsarətli oyun nümayiş etdirib və buraxdıqları qollardan sonra da dağılmayıblar. Əlcəzair düşərgəsində isə əhval-ruhiyyə fərqlidir. Vladimir Petkoviç vurğulayıb ki, komandanın taleyi hələ də öz əlindədir. Şimali Afrika təmsilçisi üçün bu oyun sadəcə topa nəzarət etmək deyil, hücum potensialını nəhayət nəticəyə çevirmək baxımından da həlledici əhəmiyyət daşıyır.
