DÇ-2026-da ulduzlar təkcə meydanda deyil

21 İyun 2026 17:02
116
DÇ-2026-da ulduzlar təkcə meydanda deyil

DÇ-2026 yalnız futbolçuların deyil, məşqçilərin də ön plana çıxdığı turnir kimi diqqət çəkir.

İdman.Biz "Sİ"yə istinadən xəbər verir ki, Tomas Tuxel, Karlo Ançelotti, Maurisio Poçettino və Yulian Naqelsmann kimi top-klub təcrübəsinə malik mütəxəssislərin milli komandalardakı işi mundialın əsas mövzularından birinə çevrilib.

İngiltərənin Xorvatiya üzərində 4:2 hesablı qələbəsindən sonra Tuxelin Yurgen Klopp tərəfindən təbrik edilməsi də bu mənzərəni simvolik göstərib. İngiltərə yığmasının start heyəti əvvəlcə tənqid olunsa da, Xorvatiya ilə oyundakı performans alman mütəxəssisin seçimlərini doğruldub.

Braziliyada isə Ançelotti sakit və təcrübəli idarəçiliyi ilə seçilir. Mərakeşlə heç-heçədən sonra heyətdə etdiyi dəyişikliklər, xüsusilə Mateus Kunya və Vinisius Juniorla

bağlı qərarlar komandanın oyununa təsir edib.

ABŞ millisində Poçettinonun işi də diqqət çəkir. Argentinalı mütəxəssis komandanı qrupda birinci yerə daşıyıb və Kristian Pulişiçin yoxluğunda belə balanslı oyun qurmağı bacarıb. Naqelsmann isə Almaniya ilə ardıcıl qələbələr seriyası yaxalayaraq yığmanı yenidən iddialılar sırasına qaytarıb.

Bu mənzərə DÇ-2026-da milli komandalarda elit məşqçi faktorunun əvvəlkindən daha güclü olduğunu göstərir. Əvvəllər top məşqçilər əsasən klub futboluna üstünlük verirdilərsə, indi böyük federasiyalar milli komandalar üçün də belə adlara ciddi yatırım edir.

Növbəti illərdə bu trend daha da güclənə bilər. Yurgen Klopp, Pep Qvardiola və Zinəddin Zidan kimi məşqçilərin gələcəkdə milli komanda layihələrinə cəlb olunması istisna edilmir.

İdman.Biz