Almaniya 12 illik həsrətə son qoydu

21 İyun 2026 09:59
118
Almaniya 12 illik həsrətə son qoydu

Almaniya millisi dünya çempionatı-2026-nın qrup mərhələsində növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, E qrupunun ikinci turunda Almaniya Kot-d'İvuarla qarşılaşıb. Torontoda baş tutan görüş almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kot-d'İvuar 30-cu dəqiqədə Frank Kessienin qolu ilə hesabı açıb. Almaniya millisi fasilədən sonra dönüş edə bilib. Deniz Undav əvvəlcə 68-ci dəqiqədə tarazlığı bərpa edib, 90+4-cü dəqiqədə isə komandasına qələbə qazandıran qolu vurub. İlk hissədə almanların iki qolu qayda pozuntusuna görə qeydə alınmayıb.

Bu qələbədən sonra Almaniya xalını altıya çatdırıb və E qrupunda vahid lider olub. Komanda bununla da pley-off mərhələsinə vəsiqəni təmin edib.

Almaniya millisi dünya çempionatlarında 2014-cü ildən sonra ilk dəfə qrup mərhələsini adlayıb. Bundestim həmin mundialda tarixində dördüncü dəfə dünya çempionu olub. 2018 və 2022-ci illərdə isə almanlar qrupdan çıxa bilməmişdilər.

Qeyd edək ki, Almaniya DÇ-2026-da pley-offa vəsiqə qazanan üçüncü komanda olub. Buna qədər ABŞ və Meksika növbəti mərhələni təmin edib.

Almaniya son turda 25 iyunda Ekvadorla, Kot-d'İvuar isə həmin gün Kürasao ilə qarşılaşacaq.

İdman.Biz