2026-cı il futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turu davam edir.
İdman.Biz xəbər verir ki, turnirin onuncu oyun günündə E və F qruplarının təmsilçiləri meydana çıxacaqlar və bu qarşılaşmalar hər iki kvartetin turnir vəziyyətinə mühüm təsir göstərə bilər. İyunun 20-də və 21-nə keçən gecə dörd görüş keçiriləcək. Azarkeşlər Niderland, İsveç, Almaniya, Kot-d’İvuar, Ekvador, Kurasao, Tunis və Yaponiya yığmalarının oyunlarını izləyəcəklər.
Niderland - İsveç (20 iyun, 21:00, vaxtlar Bakı vaxtı ilə göstərilib)
Günün ən maraqlı qarşılaşmalarından biri F qrupunda baş tutacaq. İsveç mundiala parlaq start verərək Tunisi 5:1 hesabı ilə darmadağın edib. Niderland isə Yaponiya ilə oyunda xal itkisi yaşayıb – 2:2. Ronald Kumanın komandası üçün bu matç sadəcə ikinci turun görüşü deyil, həm də uğursuzluqdan sonra tez toparlana bilmək bacarığının sınağıdır.
Matç ərəfəsində “narıncılar”ın heyətində problemlər də yaranıb. Kvinten Timber və Frenki de Yonq məşq zamanı toqquşublar. Timber beyin silkələnməsi səbəbindən sıradan çıxıb, De Yonqun iştirakı isə hələ də sual altındadır. Bu, Niderland üçün xoş xəbər deyil. Çünki komanda məhz yarımmüdafiədə enerjili və fiziki cəhətdən güclü İsveç yığmasına qarşı mübarizə aparmalı olacaq.
Bu komandaların zəngin qarşıdurma tarixi var. 1974-cü il dünya çempionatında tərəflər qolsuz heç-heçəyə razılaşıblar. AVRO-1992-də İsveç 3:2 hesablı qələbə qazanıb. AVRO-2004-də isə yenə əsas vaxtda qol vurulmayıb, lakin penaltilər seriyasında Niderland növbəti mərhələyə yüksəlib. “Narıncılar” üçün ən ağrılı məqamlardan biri DÇ-2018-in seçmə mərhələsində yaşanıb. Son turda İsveçi məğlub etsələr də, top fərqinə görə rəqiblərini keçə bilməyərək mundialdan kənarda qalıblar.
Hazırkı vəziyyət də Niderland üçün asan deyil. İsveç yüksək əhval-ruhiyyə ilə meydana çıxacaq, Viktor Dyökereş və Aleksander İsak tandeminin isə istənilən müdafiə xəttinə problem yaratmaq gücü var. Niderlanda yalnız topa nəzarət deyil, həm də son dəqiqələrdə daha soyuqqanlı oyun lazımdır. Yaponiya ilə görüşdə komanda iki dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməmişdi.
Almaniya – Kot-d’İvuar (20 iyun, 23:59)
Almaniya E qrupunda ən səs-küylü nəticəyə imza ataraq Kurasaonu 7:1 hesabı ilə məğlub edib. Bu start Julian Nagelsmannın komandasına olan gözləntiləri artırsa da, Kot-d’İvuarla oyun almanlar üçün daha ciddi sınaq olacaq.
Kot-d’İvuar ilk turda Ekvador üzərində 1:0 hesablı qələbə qazanıb. Bu, parlaq tablo yaratmasa da, məzmun baxımından çox vacib nəticə idi. Afrika təmsilçisi təzyiqə tab gətirməyi, sıx müdafiə olunmağı və fürsətini səbirla gözləməyi bacardığını göstərdi. Almaniyaya qarşı belə oyun tərzi xüsusilə təhlükəli ola bilər, əgər almanlar özlərini vaxtından əvvəl aşkar favorit kimi aparsalar.
7:1 hesablı qələbədən sonra Almaniya psixoloji arxayınlıq tələsinə düşə bilər. Kurasao rəqibə çox boşluq vermişdi, Kot-d’İvuarın isə eyni sərbəstliyi tanıyacağı inandırıcı görünmür. Afrika komandası ikili mübarizələrdə daha güclüdür, keçidlərdə daha sürətlidir və almanları təkcə hücumda deyil, topsuz oyunda da ciddi işləməyə məcbur edə bilər.
E qrupu üçün bu qarşılaşma həlledici xarakter daşıya bilər. Qalib son tur öncəsi çox əlverişli mövqe əldə edəcək, heç-heçə isə intriqanı qoruyaraq bütün iştirakçılar üzərində təzyiqi saxlayacaq.
Ekvador – Kurasao (21 iyun, 04:00)
Ekvador bu görüşə favorit statusunda çıxsa da, rahat vəziyyətdə deyil. Kot-d’İvuara 0:1 hesablı məğlubiyyət Cənubi Amerika təmsilçisinin işini xeyli çətinləşdirib. Buna görə də Kurasao ilə qarşılaşma demək olar ki, qələbə qazanmalı olduğu oyuna çevrilib.
Kurasao isə mundiala ağır start verib və Almaniyaya 1:7 hesabı ilə uduzub. Belə nəticədən sonra komanda üçün əsas məsələ təkcə ilk xalları qazanmaq deyil, həm də özünəinamı bərpa etməkdir. Adətən böyükhesablı məğlubiyyətdən sonra bu cür yığmalar öz real səviyyələrini göstərmək üçün əlavə motivasiya qazanırlar.
Ekvador ehtiyatlı davranmalıdır. Erkən qol vurmaq istəyi səhvlərə yol aça bilər. Kurasao hesabı nə qədər uzun müddət bərabər saxlasa, favorit komandanın üzərindəki təzyiq də bir o qədər artacaq. Belə matçlarda təkcə ustalıq və topa nəzarət deyil, səbir də həlledici rol oynayır.
Ekvador üçün bu görüş pley-off uğrunda mübarizəyə qayıtmaq şansıdırsa, Kurasao üçün Almaniyadan alınan ağır məğlubiyyətin yaratdığı mənfi təəssüratı silmək imkanıdır.
Tunis – Yaponiya (21 iyun, 08:00)
Tunis və Yaponiya arasında keçiriləcək qarşılaşma dünya çempionatları tarixinə xüsusi hadisə kimi düşəcək. Bu görüş mundialların tarixində 1000-ci oyun olacaq. Bu fakt özü belə matça əlavə maraq yaradır. Üstəlik, turnir baxımından da intriqa kifayət qədər yüksəkdir.
Yaponiya DÇ-2026-ya Niderlandla 2:2 hesablı heç-heçə ilə başlayıb. Hacime Moriyasunun komandası qrupun favoritlərindən birinə qarşı geri dönüş etməklə xarakter nümayiş etdirib. İndi yaponlar sübut etməlidirlər ki, həmin nəticə təsadüfi deyil və komandanın beynəlxalq arenadakı sabit inkişafının davamıdır.
Tunis isə İsveçə 1:5 hesablı məğlubiyyətdən sonra daha çətin vəziyyətə düşüb. Komanda müdafiədə oyunu ciddi şəkildə yaxşılaşdırmalıdır. Əks halda sürətli və intizamlı Yaponiya qarşısında eyni problemlər təkrarlana bilər. Tunislilər yaxşı anlayırlar ki, növbəti məğlubiyyət onları son tur ərəfəsində faktiki olaraq çıxılmaz vəziyyətə sala bilər.
