Məğlubiyyətdən sonra Türkiyənin aparıcı futbolçuları azarkeşlərə müraciət ediblər

20 İyun 2026 11:15
93
Məğlubiyyətdən sonra Türkiyənin aparıcı futbolçuları azarkeşlərə müraciət ediblər

Türkiyə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandırdıqdan sonra komandanın aparıcı futbolçuları Arda Gülər və Hakan Çalhanoğlu azarkeşlərə müraciət ediblər.

İdman.Biz xəbər verir ki, Paraqvaya 0:1 hesablı məğlubiyyətdən sonra danışan Arda Gülər komandanın uğursuz çıxışına görə böyük xəcalət hissi keçirdiklərini bildirib.

"Doğrudan da deyiləcək çox söz yoxdur. Çox üzgünük, utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Növbəti turnirlərdə əlimizdən gələni edəcəyik. Mən də hər turnirdə bunu unutdurmaq üçün əlimdən gələni edəcəyəm. Hamımız böyük klublarda çıxış edirik, belə olmamalı idi. Üzr istəyirik", – deyə yarımmüdafiəçi Arda Gülər vurğulayıb.

Gənc futbolçu komanda daxilində heç bir problemin olmadığını da qeyd edib:

"Yoldaşlıqla bağlı heç bir problem yoxdur. Sadəcə meydanda istədiyimizi edə bilmədik, qol vura bilmədik. Bir daha üzr istəyirik".

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu da uğursuzluğun ağır təsir bağışladığını etiraf edib.

"Hazırda söz tapmaq çox çətindir. Bu mərhələyə qədər özümüz gəlib çıxmışıq. İki oyundur hər şeyi sınadıq. Zərbə vururuq, alınmır, cəhd edirik, alınmır. Bu, bir qədər bəxtsizlikdir. Rəqib ilk zərbəsində qolu vurdu", – deyə təcrübəli futbolçu bildirib.

Çalhanoğlu komandanın gələcəyinə də ümidlə baxdığını söyləyib:

"Biz gənc komandayıq, qarşıda bizi daha çox turnir gözləyir. Bəlkə də bu, mənim son dünya çempionatım oldu. Hamı çox üzgündür, sarsılıb. Çalışdıq, amma alınmadı. Bu da hamımız üçün təcrübə oldu".

Kapitan Türkiyə millisinin mundiala qədər keçdiyi yolun da unudulmamalı olduğunu vurğulayıb:

"Özümüzlə qürur duymalıyıq. Bu səviyyəyə asan gəlməmişik. Haralardan buralara çatmışıq. Belə şəkildə mübarizədən kənarda qalmağı qəbul etmək çətindir. Futbol bəzən amansız olur. Bundan nəticə çıxarmalıyıq. Yenə bir zərbə ilə oyunu uduzduq".

İdman.Biz
Məqalədə: