2026-cı il futbol üzrə dünya çempionatının doqquzuncu oyun günü qrup mərhələsinin başlanğıcında ən vacib günlərdən biri olacağını vəd edir.
İdman.Biz xəbər verir ki, meydana C və D qruplarının komandaları çıxacaq. İlk turdan sonra burada həm aşkar favoritlər, həm də artıq səhv etmək hüququ olmayan yığmalar formalaşıb.
ABŞ – Avstraliya (19 iyun, 23:00, burada və bundan sonra Bakı vaxtı ilə)
Sietldə keçiriləcək qarşılaşma D qrupunda ilk ciddi dönüş nöqtəsinə çevrilə bilər. Hər iki komanda turnirə qələbə ilə başlayıb: ABŞ Paraqvayı 4:1 hesabı ilə məğlub edib, Avstraliya isə Türkiyəyə 2:0 hesabı ilə qalib gəlib. Buna görə də bu görüşün qalibi faktiki olaraq pley-offa yüksəlmə ilə bağlı əsas sualları aradan qaldıracaq.
Amerikalılar ikinci tura yüksək əhval-ruhiyyə ilə yanaşırlar. Lakin vacib bir kadr məsələsi var – Kristian Pulişiçin vəziyyəti. ABŞ millisinin lideri Paraqvayla oyunda baldır əzələsindən zədə alıb və onun meydana çıxması hələ də sual altındadır. Maurisio Poçettinonun komandası üçün bu, sadəcə bir futbolçunun itkisi deyil, hücum dinamikasına ciddi zərbədir.
Avstraliya isə yenidən intizam, fiziki hazırlıq və sürətli keçidlərə güvənəcək. Türkiyə üzərində qələbə göstərdi ki, Toni Popoviçin komandası səbirli oynamağı və rəqibin səhvlərini cəzalandırmağı bacarır. Lakin turnirin ev sahiblərinə qarşı onlar təkcə meydandakı təzyiqə deyil, stadion atmosferinə də tab gətirməli olacaqlar. Heç-heçə turnir cədvəli baxımından hər iki komandaya uyğun nəticə sayıla bilər, amma qələbə artıq növbəti mərhələnin qapısını açacaq.
Şotlandiya – Mərakeş (20 iyun, 02:00)
Şotlandiya dünya çempionatına Haiti üzərində vacib 1:0 hesablı qələbə ilə başlayıb. Stiv Klarkın komandası üçün bu üç xal böyük əhəmiyyət daşıya bilər. Turnirin genişləndirilmiş formatında hətta üçüncü yer də pley-offa vəsiqə qazandırır və ilk turdakı qələbədən sonra şotlandlar dünya çempionatları tarixində yeni səhifə yazmaq üçün real şans əldə ediblər.
Mərakeş isə Braziliya ilə 1:1 hesablı heç-heçə edib və bu nəticə Afrika təmsilçisinin turnirə statist rolunda gəlmədiyini bir daha təsdiqləyib. 2022-ci il dünya çempionatının yarımfinalından sonra Mərakeşdən artıq sensasiya deyil, sabit yüksək səviyyə gözlənilir. Məhz buna görə Şotlandiya ilə qarşılaşma komanda üçün Braziliya ilə oyundan heç də az əhəmiyyət daşımır. Qələbə son tur öncəsi mövqelərini ciddi şəkildə yaxşılaşdıracaq.
Şotlandiya bu oyunda autsayder rolunda olacaq. Amma komanda məhz bu statusda özünü rahat hiss edə bilir. Mərakeş təşəbbüs və hücum keyfiyyəti baxımından üstün görünür, lakin şotlandlar artıq nəticə üçün oynamağı bacardıqlarını sübut ediblər. Bu cütdə çox şeyi ilk qol həll edə bilər. Əgər hesabı Mərakeş açsa, Şotlandiya açılmağa məcbur olacaq. Əksinə, şotlandlar yenidən özlərinə sərf edən hesabı qoruyub saxlaya bilsələr, görüş favorit üçün olduqca gərgin keçə bilər.
Braziliya – Haiti (20 iyun, 04:30)
Braziliya turnirə azarkeşlərinin gözlədiyi kimi başlamayıb. Mərakeşlə 1:1 hesablı heç-heçə Karlo Ançelottinin komandasını ilk turdan sonra cəmi bir xalla qoyub və oyunun keyfiyyəti ilə bağlı müzakirələri artırıb. Faciəvi vəziyyət olmasa da, Haiti ilə qarşılaşma artıq formal xarakter daşımır. Braziliyanın C qrupunda vəziyyətə nəzarəti bərpa etməsi üçün qələbə qazanması vacibdir.
Braziliya millisi ətrafında əsas sual Neymarın vəziyyətidir. O, zədədən sonra bərpa prosesini davam etdirir və Haiti ilə oyuna qədər meydanlara qayıtması ehtimalı az hesab olunur. Buna görə Ançelotti əsas ulduzdan asılı olmadan balans tapmalı və uğurlu alınmayan startdan sonra komandanın oyununu yaxşılaşdırmalıdır.
Haiti Şotlandiyaya 0:1 hesabı ilə uduzsa da, dağılmayıb və sonadək heç-heçə şansını qoruyub saxlayıb. Sebastyen Minyenin komandası üçün Braziliya ilə görüş qorxmadan oynamaq imkanıdır. Ondan qələbə gözlənilmir, lakin qazanılacaq istənilən xal üçüncü yer uğrunda mübarizəni yenidən canlandıra bilər. Braziliya favoritdir, amma təzyiq məhz onun üzərindədir. Haiti xəyal qurmağa imkan tapa bilər, Braziliya isə statusunu təsdiqləməlidir.
Türkiyə – Paraqvay (20 iyun, 07:00)
D qrupunda bu qarşılaşma artıq səhv etmək hüququ olmayan oyun təsiri bağışlayır. Türkiyə Avstraliyaya 0:2 hesabı ilə uduzub, Paraqvay isə ABŞ-yə 1:4 hesabı ilə məğlub olub. Belə startdan sonra hər iki komanda ikinci tura xalsız çıxır və yeni məğlubiyyət hətta üçüncü yerlə növbəti mərhələyə yüksəlmək imkanını nəzərə alsaq belə, vəziyyəti kəskin şəkildə çətinləşdirəcək.
Türkiyə uzun fasilədən sonra dünya çempionatına böyük ümidlərlə qayıdıb. Heyətdə Hakan Çalhanoğlu, Arda Gülər, Kerem Aktürkoğlu və Barış Alper Yılmaz kimi parlaq futbolçular var. Lakin Vinçenso Montellanın komandası ilk matçda Avstraliyanın müdafiəsini yarmağı bacarmayıb. İndi onlar sadəcə topa sahib olmaqla kifayətlənməməli, rəqib qapısı qarşısında daha sürətli qərarlar verməlidirlər.
Paraqvayın vəziyyəti psixoloji baxımdan daha ağırdır. ABŞ-dən alınan darmadağın çoxlu tənqidlərə səbəb olub və baş məşqçi Qustavo Alfaro futbolçulara təzyiq göstərilməməsini xahiş edərək məsuliyyəti açıq şəkildə öz üzərinə götürüb. Cənubi amerikalılar üçün Türkiyə ilə oyun ilk turdakı uğursuzluğun diaqnoz deyil, sadəcə uğursuz gün olduğunu göstərmək imkanıdır.
Bu qarşılaşma günün proqramında ən sərt oyunlardan birinə çevrilə bilər. Hər iki komandaya qələbə lazımdır, amma səhvin qiyməti həddindən artıq yüksəkdir. Buna görə də ilk dəqiqələr ehtiyatlı keçə bilər. Lakin ilk qol vurulduqdan sonra oyunun tam açılması istisna deyil.
