İran millisi DÇ-2026-da üzləşdiyi səfər məhdudiyyətlərinə görə FIFA-ya şikayət etməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, İran Futbol Federasiyası komandanın turnir zamanı ABŞ-yə giriş və səfər qaydaları ilə bağlı tətbiq olunan məhdudiyyətlərdən narazıdır.
Məlumata görə, İran millisinə B qrupunun ikinci turunda Belçikaya qarşı keçiriləcək oyun üçün Los-Ancelesə yalnız matça bir gün qalmış gəlməyə icazə verilib. Qarşılaşma 21 iyunda Los-Ancelesdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İran tərəfi bu qərarın komandanın hazırlıq planına mənfi təsir etdiyini bildirir. Federasiya daha əvvəl yığmanın hazırlıq qrafikini təşkilatçılara təqdim etdiyini, lakin buna baxmayaraq, komandanın yenidən məhdudiyyətlərlə üzləşdiyini qeyd edib.
İran Futbol Federasiyası Los-Ancelesdə günorta saatlarında (yerli vaxtla saat 12:00-da) keçiriləcək oyunla bağlı komandanın şəhərə iki gün əvvəl gəlməsinə icazə verilməsini istəyib. Federasiya bunu texniki və idman hazırlığı baxımından vacib sayıb. Lakin müraciətin rədd edildiyi bildirilir.
Bu səbəbdən İran tərəfi narazılığını rəsmi şəkildə FIFA-ya çatdıracaq. Federasiya şikayətin müvafiq kanallar vasitəsilə təqdim olunacağını açıqlayıb.
Qeyd edək ki, İran millisi DÇ-2026-nın ilk turunda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib. Həmin oyundan sonra komanda Los-Ancelesi gecə saatlarında tərk edərək Meksikadakı bazasına qayıtmalı olub. Baş məşqçi Amir Qalenoi və futbolçular bu vəziyyətin komandanın bərpa və hazırlıq prosesinə ciddi təsir etdiyini bildirərək FIFA-ya şikayət ediblər.
