Argentina millisinin kapitanı Lionel Messinin ailəsi ilə bağlı yalan xəbər ciddi rezonansa səbəb olub.
İdman.Biz xəbər verir ki, argentinalı aparıcı Florensiya Penya Luzu TV-də yayımlanan “El Show del Verano” proqramında Messinin atası Xorxe Messinin vəfat etdiyini bildirib.
Aparıcı bu məlumatı canlı efirdə səsləndirdikdən sonra xəbər sosial şəbəkələrdə sürətlə yayılıb. Lakin qısa müddət sonra informasiyanın həqiqətə uyğun olmadığı ortaya çıxıb.
Messi ailəsi ayrıca açıqlama yayaraq Xorxe Messinin sağ olduğunu bildirib. Açıqlamada onun səhhətində problem olduğu, həkim nəzarətində qaldığı və müalicəsinin müsbət istiqamətdə davam etdiyi qeyd olunub. Ailə eyni zamanda bu cür həssas mövzularda yoxlanılmamış məlumatların yayılmasını tənqid edib.
Hadisədən sonra Florensiya Penya ictimaiyyət qarşısında üzr istəyib və səhvini etiraf edib. O, yayılan məlumatın efir zamanı ona çatdırıldığını, lakin bunun yoxlanılmadan səsləndirilməsinin ciddi yanlışlıq olduğunu bildirib.
Luzu TV rəhbərliyi də baş verənlərə görə təəssüfünü ifadə edib. Kanal yoxlanılmamış və şəxsi xarakterli məlumatların efirdə yayılmasını qəbuledilməz sayıb. Bundan sonra hadisəyə görə məsul şəxslərlə yolların ayrıldığı açıqlanıb. Florensiya Penya da proqramdakı fəaliyyətini dayandırıb.
DÇ-2026 zamanı yayım səhvləri bununla bitməyib. Bir neçə gün əvvəl TRT-nin şərhçisi Murat Ekrem Çimen də İran - Yeni Zelandiya matçında komandaları qarışıq saldığına görə dünya çempionatı yayım qrupundan uzaqlaşdırılıb. O, oyunun ilk dəqiqələrində İranı Yeni Zelandiya, Yeni Zelandiyanı isə İran kimi təqdim edib. Səhv təxminən dörd dəqiqə davam edib və yalnız ekranlarda Mehdi Tareminin adı göründükdən sonra düzəldilib. Hadisədən sonra TRT üzr istəyib və məsələ ilə bağlı xidməti araşdırma başladıldığını açıqlayıb.
Qeyd edək ki, Xorxe Messi uzun illərdir Lionel Messinin agenti və əsas təmsilçisi kimi tanınır. Argentina millisinin kapitanı DÇ-2026-da Əlcəzairə qarşı 3:0 hesabı ilə qalib gəldikləri oyunda emosional anlar yaşamışdı. Bundan sonra onun atası ilə bağlı müxtəlif iddialar yayılmış, lakin ailə ölüm xəbərini qəti şəkildə təkzib etmişdi.
