Dörd dəqiqəlik səhv şərhçiyə baha başa gəldi - YENİLƏNİB + VİDEO

16 İyun 2026 14:39
310
Dörd dəqiqəlik səhv şərhçiyə baha başa gəldi - YENİLƏNİB + VİDEO

DÇ-2026-nın İran - Yeni Zelandiya matçının canlı yayımında komandaları bir-biri ilə qarışdıran TRT şərhçisi Murat Ekrem Çimenlə bağlı qərar verilib.

İdman.Biz xəbər verir ki, təcrübəli spiker ABŞ-dəki dünya çempionatı yayım heyətindən geri çəkilib və turnirin qalan qarşılaşmalarında işləməyəcək.

Çimen 2:2 hesabı ilə başa çatan görüşün ilk dörd dəqiqəsində İran millisinin hücumlarını Yeni Zelandiyanın, Yeni Zelandiyanın epizodlarını isə İranın adına təqdim edib.

Səhv tamaşaçıların diqqətindən yayınmayıb və sosial şəbəkələrdə qısa müddətdə geniş müzakirəyə səbəb olub.

Hadisədən sonra TRT rəsmi açıqlama yayıb. Qurum baş verənləri yayım standartları baxımından qəbuledilməz adlandıraraq tamaşaçılardan üzr istəyib:

“İran - Yeni Zelandiya qarşılaşmasının şərhi zamanı edilən səhv TRT-nin yayım standartları baxımından qəbuledilməzdir. Bu səhvə görə tamaşaçılarımızdan və ictimaiyyətdən üzr istəyirik”.

Açıqlamada hadisə ilə bağlı inzibati və təftiş prosesinin başladıldığı da bildirilib.

TRT 30 ildən artıq idman yayımı təcrübəsinə malik şərhçinin belə səhvə yol verməsinin qurumun keyfiyyət prinsipləri ilə uyğunlaşmadığını vurğulayıb.

12:57

Dünya Çempionatı 2026-nın İran - Yeni Zelandiya matçının TRT 1-dəki canlı yayımı böyük səhvlə yadda qalıb.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, qarşılaşmanı şərh edən spiker oyunun ilk dörd dəqiqəsində komandaları bir-biri ilə qarışdırıb.

Bu müddət ərzində İran millisinin hücumları Yeni Zelandiyanın, Yeni Zelandiya yığmasının təhlükəli epizodları isə İranın adına təqdim olunub. Ekran qarşısındakı azarkeşlər səhvi dərhal fərq edərək sosial şəbəkələrdə çoxsaylı paylaşımlar ediblər.

Lakin tamaşaçıların etirazlarına baxmayaraq, canlı yayım zamanı səhv bir neçə dəqiqə davam edib. Spiker yalnız İran millisinin kapitanı Mehdi Taremi yaxın planda göstərildikdən sonra vəziyyəti anlayaraq komandaların adlarını düzgün səsləndirməyə başlayıb.

Hadisə sosial şəbəkələrdə TRT-nin dünya çempionatı yayımına qarşı sərt tənqidlərə səbəb olub. İzləyicilər social şəbəkələrdə yayım komandasının səhvə vaxtında müdaxilə etməməsinə də etiraz ediblər.

Qeyd edək ki, Los-Ancelesdə keçirilən İran - Yeni Zelandiya qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz