DÇ-2026-nın Özbəkistan - Kolumbiya qarşılaşmasında tribunada futbolun birləşdirici gücünü göstərən duyğulu hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, yığmasının məğlubiyyətinə üzülən azyaşlı özbəkistanlı azarkeş göz yaşlarını saxlaya bilməyib.
Uşağın məyus olduğunu görən kolumbiyalı azarkeşlər ona təsəlli vermək üçün ətrafına toplaşıblar. Onlar birlikdə “Özbəkistan! Özbəkistan!” şüarını səsləndirərək rəqib komandaya və onun azarkeşlərinə hörmətlərini nümayiş etdiriblər.
Qeyd edək ki, K qrupunun ilk turunda keçirilən görüş Kolumbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Özbəkistan yığmasının yeganə qolunu 60-cı dəqiqədə Abbosbek Fayzullayev vurub.
Bu qol mundialda debüt edən Özbəkistan millisinin dünya çempionatları tarixində ilk qolu olub. Kolumbiyanın heyətində Daniel Munyos, Luis Dias və Caminton Kampas fərqləniblər.
