Fransa millisinin sabiq hücumçusu Tiyerri Anri Kriştianu Ronaldunun DÇ-2026-dakı çıxışını tənqid edib.
İdman.Biz xəbər verir ki, 1998-ci ilin dünya çempionu Portuqaliyanın Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçəsindən sonra qarşılaşmanın epizodlarından birini təhlil edib.
Anri hesab edir ki, Ronaldu qol vurmaq istəyini komandanın daha əlverişli hücum variantından üstün tutub:
“Vacib olan budur: qolu sən yox, komanda vurmalıdır”.
Fransalı mütəxəssis Joao Kanselunun topu qəbul etdiyi hücum zamanı Ronaldunun qapı önünə doğru hərəkət etməli olduğunu bildirib. Onun fikrincə, belə olan halda müdafiəçi portuqaliyalı kapitanı izləməyə məcbur qalacaq və Bruno Fernandes zərbəni bir toxunuşla tamamlamaq üçün boşluq əldə edəcəkdi.
Anri Ronaldunun bunun əvəzinə geri ötürmənin istiqamətinə çıxdığını və Bruno Fernandesin hərəkət zonasını bağladığını vurğulayıb:
“Ronaldu qapı önünə qaçsaydı, müdafiəçi də onunla getməli olacaqdı. Bu zaman Bruno Fernandes rahat şəkildə zərbə endirə bilərdi. Lakin Kriştianu özü qol vurmaq istədiyi üçün ötürmənin yoluna çıxdı. İki futbolçu eyni zonada qaldı və müdafiə olunmaq rəqib üçün asanlaşdı”.
Anri epizoddan sonra Bruno Fernandesin reaksiyasına da diqqət çəkib. Onun sözlərinə görə, yarımmüdafiəçi Ronaldudan topu buraxmasını, boşluq yaratmasını və qapı önünə doğru hərəkət etməsini istəyib.
Qeyd edək ki, Kriştianu Ronaldu K qrupunun ilk turunda keçirilən qarşılaşmada 90 dəqiqə meydanda qalıb. Portuqaliya erkən hesab açsa da, üstünlüyünü qoruya bilməyib və mundiala bir xalla başlayıb.
