Norveç millisinin azarkeşləri DÇ-2026-nın İraqla qarşılaşması ərəfəsində və oyun zamanı maraqlı şou ilə diqqət mərkəzinə düşüblər.
İdman.Biz xəbər verir ki, norveçli tərəfdarlar əvvəlcə Bostonun “South Station” dəmiryol stansiyasınında “Vikinq avarı” adlandırılan sinxron hərəkəti nümayiş etdiriblər.
Azarkeşlər stadiona yollanarkən eskalatorda bir-birinin ardınca əyləşərək qolları ilə avarçəkməni təqlid ediblər. Qeyri-adi görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
Videonu paylaşan müəllif gördüklərini belə şərh edib:
“Bunu əvvəllər heç vaxt görmədiyim və yəqin ki, bir daha görməyəcəyim hadisələr siyahısına əlavə edirəm”.
Norveç tərəfdarları şounu daha sonra İraqla qarşılaşmanın keçirildiyi “Jillet” stadionunda davam etdiriblər. Minlərlə azarkeş tribunada sinxron şəkildə hərəkət edərək stadionu sanki nəhəng vikinq gəmisinə çevirib.
Qeyd edək ki, Norveç millisi DÇ-2026-nın I qrupunun ilk turunda İraqı 4:1 hesabı ilə məğlub edib. Erlinq Holand qarşılaşmada dubla imza atıb.
