Cənubi Koreya futbol millisinin üzvləri kapitan Son Hın Minə dəstək məqsədilə yerli mətbuatla ünsiyyətə qadağa qoyublar.
İdman.Biz Cənubi Koreya mediasına istinadən xəbər verir ki, qalmaqala millinin Meksikadakı açıq məşqi zamanı qeydə alınan səs yazısı səbəb olub.
Canlı olduğu unudulan mikrofonlar media nümayəndələri olduğu ehtimal edilən şəxslərin söhbətini qeydə alıb. Onlar Son Hın Minin məşqdə komanda yoldaşlarına rəhbərlik etməsini ələ salıb, futbolçunun hərbi xidmət keçməməsi ilə bağlı istehzalı ifadələr işlədiblər.
Səs yazısı sosial şəbəkələrdə yayıldıqdan sonra geniş etiraz doğurub. Cənubi Koreya millisinin futbolçuları da kapitanlarına dəstək göstərərək yerli jurnalistlərlə əvvəlcədən planlaşdırılan bəzi müsahibələrə qatılmayıblar.
Son Hın Min Çexiya ilə 2:1 hesabı ilə başa çatan dünya çempionatı matçından sonra qarışıq zonada jurnalistlərin bütün suallarını cavabsız qoyaraq stadionu tərk edib.
Cənubi Koreya Futbol Assosiasiyası baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Qurum media nümayəndələrinin qeyri-etik ifadələrinin futbolçulara ciddi məyusluq və sarsıntı yaşatdığını bildirib.
“Media fəaliyyətinə hörmətlə yanaşırıq. Lakin iş prosesi qarşılıqlı hörmət və etimad üzərində qurulmalıdır. Futbolçuların qorunması hər şeydən vacibdir”, – deyə açıqlamada bildirilib.
Assosiasiya bundan sonra futbolçuların müdafiəsini prioritet hesab edəcəyini və sağlam media mühitinin yaradılması üçün tədbirlər görəcəyini vurğulayıb.
Qeyd edək ki, Cənubi Koreya dünya çempionatının ilk turunda Çexiyanı 2:1 hesabı ilə məğlub edib. Komanda növbəti oyununu iyunun 19-da Meksikaya qarşı keçirəcək.
