Futbol üzrə dünya çempionatlarının tarixində maraqlı və unikal hadisə baş verib.
İdman.Biz xəbər verir ki, Yeni Zelandiya millisinin müdafiəçisi Tayler Bindon DÇ-2026-nın İranla oyununda meydana çıxmaqla anası Cenni Bindonun yolunu davam etdirib.
21 yaşlı futbolçu G qrupunun 2:2 hesabı ilə başa çatan qarşılaşmasının 90+2-ci dəqiqəsində Marko Stameniçi əvəzləyib. Bununla da Tayler Bindon dünya çempionatında debüt edib.
Onun anası Cenni Bindon Yeni Zelandiya qadın millisinin sabiq qapıçısıdır. O, yığmanın heyətində 2007 və 2011-ci illərin dünya çempionatlarında iştirak edib və milli komandada ümumilikdə 77 oyun keçirib.
Beləliklə, Cenni və Tayler Bindon futbol üzrə dünya çempionatlarında meydana çıxan ilk ana-oğul cütlüyü kimi tarixə düşüblər.
Maraqlıdır ki, Cenni Bindon 2005-ci ildə Tayleri dünyaya gətirdikdən bir neçə ay sonra yenidən milli komandaya qayıdıb. İllər sonra isə oğlu anasının iştirak etdiyi turnirdə öz ölkəsini təmsil etmək imkanı qazanıb.
Taylerin atası Qrant Bindon da peşəkar idmançı olub və Yeni Zelandiya voleybol millisinin kapitanı kimi çıxış edib.
Qeyd edək ki, Tayler Bindon İngiltərənin “Nottingem Forest” futbol klubuna məxsusdur.
