Ekvador millisinin azarkeşləri Dünya Çempionatı 2026-da komandaların Fil Dişi Sahili ilə oyunu öncəsi Filadelfiyada yerli “lənət”dən xəbərsiz maraqlı addım atıblar.
İdman.Biz xəbər verir ki, tərəfdarlar Filadelfiya İncəsənət Muzeyinin qarşısında yerləşən məşhur Roki Balboa heykəlinə Ekvador millisinin formasını və bayrağını taxıblar.
Lakin Filadelfiyada illərdir yayılan inanca görə, Roki heykəlinə öz komandasının formasını geyindirən azarkeşlərin komandası növbəti oyunda məğlub olur. Bu hadisə xüsusilə şəhərin Amerika futbolu komandası “Filadelfiya İqlz”in rəqibləri ilə bağlı dəfələrlə xatırlanıb.
Ekvador azarkeşləri də yerli əfsanədən xəbərsiz eyni addımı atıblar. Nəticədə Cənubi Amerika təmsilçisi Fil Dişi Sahili ilə qarşılaşmada üç dəfə dirəyə tuş gəlib və 90-cı dəqiqədə buraxdığı qolla 0:1 hesabı ilə uduzub.
Fil Dişi Sahilinə qələbə qazandıran qolu Amad Diallo vurub. Bununla da Ekvadorun 19 oyunluq məğlubiyyətsiz seriyası başa çatıb.
Maraqlıdır ki, matçdan əvvəl Ekvadordan olan iki jurnalist azarkeşlərə heykələ forma və bayraq taxmamağı tövsiyə edib. Onlar yerli sakinlərin bu hərəkəti uğursuzluq əlaməti saydıqlarını bildiriblər.
Oyundan sonra isə “Rokkinin lənəti” sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Filadelfiya mediası Ekvadoru məşhur şəhər əfsanəsinin növbəti “qurbanı” adlandırıb.
