İranlı futbolçuların qol sevinci mundialı qarışdırdı: Siyasi eyham və “silah” jesti - FOTO/VİDEO

16 İyun 2026 14:46
85
İranlı futbolçuların qol sevinci mundialı qarışdırdı: Siyasi eyham və “silah” jesti - FOTO/VİDEO

İran millisinin 2026 Dünya Çempionatında Yeni Zelandiya ilə keçirdiyi oyunda vurduğu iki qolun sevinci geniş müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, G qrupunun ilk turunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. İranın qollarını Ramin Rezaeian və Məhəmməd Mohebi vurublar.

Komandasının ilk qoluna imza atan Rezaeian topu qapıya göndərdikdən sonra formasını üzünə çəkib. Matçdan sonra bu hərəkət barədə danışan təcrübəli futbolçu qol sevincinin xüsusi məna daşıdığını bildirib:

“Bu, xüsusi qol sevincidir. Dünyada baş verənləri görmək istəmirəm. Bir qədər siyasi məsələdir, bu barədə çox danışmaq istəmirəm. Burada futbol haqqında danışmaq üçün toplaşmışıq”.

İranın 64-cü dəqiqədə ikinci qolunu vuran Məhəmməd Mohebinin sevinci də diqqət mərkəzinə düşüb. Futbolçunun əli ilə saga-sola etdiyi hərəkət bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən “silahdan atəş açmaq jesti” kimi qiymətləndirilib.

Mohebi isə hərəkətinin siyasi və ya başqa xüsusi məna daşımadığını bildirib:

“Həmin an ağlıma gəldi. Sadəcə qol sevinci idi, vəssalam”.

Beləliklə, İran millisinin hər iki qol sevinci fərqli səbəblərlə dünya çempionatının ən çox müzakirə olunan epizodları sırasına daxil olub.

İdman.Biz