DÇ-2026-da superulduzlar günü: Messi, Mbappe və Holand meydana çıxır - İDMAN.BİZ-in İCMALI

16 İyun 2026 13:30
70
DÇ-2026-da superulduzlar günü: Messi, Mbappe və Holand meydana çıxır - İDMAN.BİZ-in İCMALI

2026-cı il futbol üzrə dünya çempionatında altıncı oyun günü yetişib.

İdman.Biz xəbər verir ki, bütün dörd matçın heç-heçə nəticələndiyi gündən sonra turnirdə yeni böyük süjetlər başlayır: Fransa və Argentina yarışa qoşulur, Norveç Erlinq Holandla birlikdə dünya çempionatına qayıdır, İordaniya isə mundiallar tarixində ilk oyununa çıxacaq.

Bu gün I və J qruplarının komandaları mübarizəyə başlayacaqlar. Dörd görüşün hamısında aşkar favoritlər var, lakin turnirin startı artıq göstərib ki, status fərqi heç də həmişə matçın taleyini həll etmir.

Fransa – Seneqal (16 iyun, 23:00, burada və bundan sonra vaxt Bakı vaxtı ilə göstərilib)

Günün mərkəzi qarşılaşmalarından biri I qrupunda keçiriləcək. Fransa turnirə Seneqalla oyunla başlayacaq. Didye Deşamın komandası üçün bu, DÇ-2022-nin finalından sonra yenidən zirvəyə qayıtmaq cəhdidir, seneqallılar üçün isə bu yığmaların qarşıdurma tarixindəki ən yaddaqalan səhifəni yenidən xatırlatmaq imkanıdır.

Fransa və Seneqal daha əvvəl dünya çempionatında üz-üzə gəliblər. 2002-ci ildə Afrika təmsilçisi turnirin açılış matçında həmin dövrün dünya çempionlarını sensasiyalı şəkildə 1:0 hesabı ilə məğlub etmişdi. Papa Buba Diopun qolu həmin mundialın simvollarından birinə çevrilmiş, fransızlar isə nəticədə qrupdan çıxa bilməmişdilər. Hazırda Seneqal millisinin baş məşqçisi olan Pap Tiau həmin görüşdə yığmanın iştirak ərizəsində yer almışdı.

Deşam oyun ərəfəsində bildirib ki, söhbət revanşdan getmir. Onun sözlərinə görə, həmin tarix artıq keçmişdə qalıb və Fransa millisinin indiki futbolçularının əksəriyyəti 2002-ci ildə hələ dünyaya belə gəlməmişdi. Buna baxmayaraq, matç ətrafındakı intriqa kifayət qədər böyükdür. Fransa turnirə əsas favoritlərdən biri statusunda, Kilian Mbappenin baş ulduz olduğu heyətlə gəlir. Seneqal isə Afrikanın ən güclü və fiziki cəhətdən ən qüvvətli komandalarından biri olaraq qalır.

Heyətin dərinliyi, böyük turnirlər təcrübəsi və fərdi ustalıq baxımından favorit Fransa görünür. Lakin Seneqal rahat rəqib sayılmır. Komanda meydanın mərkəzində sərt mübarizə aparmaq, müdafiədən sürətlə hücuma keçmək və müdafiəçilərin arxasındakı boşluqlardan istifadə etmək bacarığına malikdir.

İraq – Norveç (17 iyun, 02:00)

I qrupunun ikinci matçı uzun müddət dünya çempionatına qayıtmağı gözləyən iki yığmanı üz-üzə gətirəcək. İraq 1986-cı ildən sonra ilk dəfə mundialda çıxış edəcək. Norveç isə 1998-ci ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Bununla belə, komandalardan gözləntilər fərqlidir: iraqlılar ilk növbədə nəticə əldə etməyə çalışacaqlarsa, norveçlilər son illərin ən ulduzlu nəsli ilə turnirə yollanıblar.

Matçın əsas fiquru Erlinq Holanddır. "Mançester Siti"nin hücumçusu Avropa seçmə mərhələsinin səkkiz oyununda 16 qol vurub və Norveç millisinin hücum oyununun böyük hissəsi məhz onun üzərində qurulacaq. Onun yanında Martin Edeqor, Antonio Nusa və digər futbolçular yer alır. Bu oyunçular Stole Solbakkenin komandasını əvvəlki Norveç yığmalarından daha texnikalı və çevik kollektivə çeviriblər.

Qrem Arnoldun rəhbərliyi altında İraq turnirə qədər çox uzun yol qət edib və qitələrarası pley-offda Boliviyanı məğlub edərək mundiala vəsiqə qazanıb. Avstraliyalı mütəxəssis dünya çempionatlarında autsayderlə uğurlu iş təcrübəsinə malikdir. O, 2022-ci ildə Avstraliya millisini pley-off mərhələsinə çıxarmışdı. İraqın əsasən kompakt müdafiəyə, ikili mübarizələrə və Aymən Hüseyn üzərindən qurulan sürətli hücumlara üstünlük verəcəyi gözlənilir.

Qeyd edək ki, bu komandalar indiyədək belə səviyyədə qarşılaşmayıblar.

Argentina – Əlcəzair (17 iyun, 05:00)

Hazırkı dünya çempionu Argentina J qrupunda Əlcəzairə qarşı oyunla titulunu qorumağa başlayacaq. Bütün diqqətlər Lionel Messiyə yönələcək. Gözlənilir ki, bu qarşılaşma onun milli komandadakı 200-cü oyunu olacaq və karyerasındakı, bəlkə də, son dünya çempionatının növbəti səhifəsinə çevriləcək.

Argentina DÇ-2022-ni qazanan komandanın əsas heyətini qoruyaraq turnirə gəlir. Lionel Skaloni komandanın skeletini saxlayıb, eyni zamanda hücum və yarımmüdafiə xəttində yeni seçimlər əldə edib. Son məlumata görə, Xulian Alvares topuq nahiyəsindən aldığı zədədən sonra sağalıb, Emiliano Martines barmaq travmasından sonra oynamağa hazırdır. Nikolas Talyafikonun isə baldır əzələsindəki problem səbəbindən ilk dəqiqələrdən meydana çıxacağı hələ də sual altındadır.

Əlcəzairə yalnız isinmə xarakterli rəqib kimi yanaşmaq olmaz. Vladimir Petkoviçin komandası 2014-cü ildən sonra ilk dəfə dünya çempionatına qayıdıb, yaxşı oyun ritmindədir və turnirə məğlubiyyətsiz seriya ilə başlayır. Əlcəzairlilər yaxın vaxtlarda Niderland və Boliviyanı məğlub ediblər. Federasiya da mundial ərəfəsində Petkoviçlə müqaviləni 2028-ci ilə qədər uzadıb.

Komandalar arasındakı qarşılıqlı oyunların tarixi qısadır. Argentina ilə Əlcəzair arasında yeganə matç 2007-ci ildə keçirilib və argentinalıların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə Messi iki qol vurmuşdu. Bu dəfə də favorit Argentina sayılır. Lakin Skaloni artıq xatırladıb ki, komanda ötən dünya çempionatına Səudiyyə Ərəbistanına məğlubiyyətlə başlamışdı. Buna görə də əsas sual çempionların turnirin ritminə nə qədər tez uyğunlaşacağıdır.

Avstriya – İordaniya (17 iyun, 08:00)

Altıncı oyun gününü J qrupunda Avstriya ilə İordaniya arasındakı qarşılaşma tamamlayacaq. Avstriyalılar 28 illik fasilədən sonra dünya çempionatına qayıdırlar. İordaniya üçün isə bu, mundial tarixində ilk çıxış olacaq.

Avstriya turnirə aydın oyun fəlsəfəsinə və güclü məşqçi dəst-xəttinə malik komanda kimi gəlir. Ralf Ranqnik müqaviləsini 2028-ci ilə qədər uzadıb və bununla da dünya çempionatı öncəsi gələcəyi ilə bağlı bütün suallara son qoyub. Bununla yanaşı, komanda bud nahiyəsindən aldığı zədə səbəbindən Kristof Baumqartneri itirib ki, bu da yarımmüdafiə xətti üçün ciddi itkidir.

Ranqnik ayrıca xəbərdarlıq edib ki, İordaniya ilə oyun asan keçməyəcək. Turnirin əvvəlində Asiya komandaları artıq Avropa təmsilçilərinə problemlər yaradıb. Cənubi Koreya Çexiyanı məğlub edib, Avstraliya Türkiyəyə qalib gəlib, Yaponiya Niderlandla heç-heçə edib, Qətər isə İsveçrədən xal almağı bacarıb. Bu baxımdan Avstriya üçün yalnız üstünlüyə sahib olmaq deyil, əks-hücumlar zamanı açıq verməmək də vacibdir.

İordaniya debüt matçına qorxu hissi olmadan çıxır. Camal Sellaminin komandası seçmə mərhələdə 32 qol vurub. Komandanın kapitanı Ehsan Haddad bildirib ki, dünya çempionatında iştirak onlar üçün təzyiq deyil, qürur mənbəyidir. Xüsusi diqqət isə komandanın Avropada çıxış edən azsaylı futbolçularından biri olan Musa Əl-Tamariyə yönələcək.

İdman.Biz