İnfantino İranın paltardəyişmə otağına girib: Taremidən sərt eyham

16 İyun 2026 12:19
65
İnfantino İranın paltardəyişmə otağına girib: Taremidən sərt eyham

FIFA prezidenti Canni İnfantino Dünya Çempionatı 2026-nın qrup mərhələsində İran və Yeni Zelandiya yığmaları arasında keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra İran millisinin paltardəyişmə otağına daxil olub.

İdman.Biz xəbər verir ki, 2:2 hesabı ilə başa çatan görüşdən sonra İran millisinin üzvləri üzləşdikləri təşkilati problemləri FIFA prezidentinə çatdırıblar.

İran tərəfinin bildirdiyinə görə, komanda matçdan sonra gecəni Los-Ancelesdə keçirməli və səhər bərpa məşqi etməli idi. Lakin futbolçulara dərhal təyyarəyə minərək Meksikanın Tixuana şəhərində yerləşən bazaya qayıtmaq göstərişi verilib.

İran millisinin kapitanı Mehdi Taremi yaranmış vəziyyətin futbolçuların hazırlığına mənfi təsir etdiyini bildirib:

“Matçdan dərhal sonra uçmalı, səhər Meksikada bərpa məşqi keçməli, daha sonra yenidən Los-Ancelesə qayıtmalıyıq. Belə şəraitdə oynamaq çox çətindir. FIFA bizə daha çox kömək etməlidir”.

Taremi problemlərin yalnız FIFA ilə bağlı olmadığına da eyham vurub:

“Hamı hər şeyi başa düşür. Harada olduğumuzu siz də bilirsiniz”.

Futbolçuların sözlərinə görə, İnfantino komandanın yaşadığı çətinlikləri anladığını və məsələnin həlli üçün kömək göstərməyə çalışacağını bildirib. O, İran millisinin bütün maneələrə baxmayaraq güclü olduğunu və mübarizəni davam etdirməli olduğunu söyləyib.

İran yığmasının baş məşqçisi Əmir Qalenoyi isə komandasını mundialda ən çox təzyiqlə üzləşən kollektiv adlandırıb. O, komandanın nümayəndələrinin və media əməkdaşlarının bir hissəsinin viza problemləri səbəbindən ABŞ-yə daxil ola bilmədiyini də vurğulayıb.

İdman.Biz