Kabo-Verde futbol millisinin İspaniya ilə oyundakı qəhrəmanı Josimar Dias Azərbaycanda oynamağa yaxın olub.
İdman.Biz haqqin.az-a istinadən xəbər verir ki, “Vozinya” ləqəbi ilə tanınan qapıçı 2023-cü ildə Azərbaycan klublarından birinə keçmək istəyib.
Bu barədə futbol agenti Fuad İbrahim məlumat verib. Onun sözlərinə görə, həmin vaxt Slovakiyanın “Trençin” klubunda çıxış edən qapıçı özü agentlə əlaqə saxlayıb və Azərbaycanda oynamaq arzusunu bildirib.
Vozinya illik 100 min ABŞ dolları (170 min manat) maaş tələb edib.
“Təəssüf ki, klublarımızdan heç biri onunla maraqlanmadı”, - deyə agent qapıçı ilə yazışmalarının görüntülərini paylaşarkən bildirib.
40 yaşlı qapıçı 2026 Dünya Çempionatının ilk turunda Kabo-Verde millisinin İspaniya ilə 0:0 hesablı heç-heçə etdiyi qarşılaşmanın əsas qəhrəmanına çevrilib. Vozinya matç ərzində yeddi seyvlə yadda qalıb və görüşün ən yaxşı futbolçusu seçilib.
O, həmçinin dünya çempionatlarında debüt matçında qol buraxmayan ən yaşlı qapıçı kimi tarixə düşüb.
Məlumata görə, qarşılaşmadan sonra Vozinyanın sosial şəbəkələrdəki izləyicilərinin sayı bir neçə saat ərzində milyonlarla artıb.
Portuqal dilində “nənəcik” mənasını verən Vozinya ləqəbi qapıçıya uşaqlıq illərində verilib. Valideynlərinin məşğul olması səbəbindən o, vaxtının böyük hissəsini nənəsi ilə keçirib.
Təcrübəli qapıçı 2024-cü ildə Portuqaliyanın “Şaveş” klubuna keçib. O, daha əvvəl Moldovanın “Zimbru”, Portuqaliyanın “Jil Visente” və Kiprin AEL klublarında da çıxış edib.
Kabo-Verde millisi növbəti matçını 22 iyunda Uruqvaya qarşı keçirəcək.
