FIFA DÇ-2026-da irqçi məna daşıdığı iddia edilən əl işarəsinə görə araşdırılan avstraliyalı VAR hakiminin köməkçisi Şon Evansla bağlı qərarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, ali futbol qurumunun İntizam Komitəsi araşdırma zamanı Evansın FIFA-nın qaydalarını pozduğunu təsdiqləyən heç bir sübut aşkarlamayıb.
Hadisə Almaniya millisinin Kurasao yığmasını 7:1 hesabı ilə məğlub etdiyi oyundan əvvəl baş verib. Televiziya yayımında VAR otağındakı hakimlər göstərilərkən Evansın sağ əli ilə tərsinə çevrilmiş “OK” işarəsinə bənzər hərəkət etdiyi diqqət çəkib.
Futbolda ayrı-seçkilik və irqçiliyə qarşı mübarizə aparan “Fare” şəbəkəsi bu hərəkətin ifrat sağçı və irqçi qrupların istifadə etdiyi simvollardan birinə bənzədiyini bildirib. Təşkilat avstraliyalı hakimin dünya çempionatından uzaqlaşdırılmasını tələb edib.
Şon Evans isə hərəkəti bilərəkdən etmədiyini vurğulayıb:
“Mən hər hansı mesajı, mənsubiyyəti və ya inancı ifadə etmək üçün qəsdən əl işarəsi göstərməmişəm. Bunun yeganə izahı qeyri-iradi və şüuraltı əzələ hərəkəti ola bilər. Həmin anda bunu etdiyimin fərqində deyildim”.
Evans oyun zamanı əlində qələm saxlayarkən eyni hərəkətin bir neçə dəfə təkrarlandığını göstərən görüntülərin də olduğunu qeyd edib.
FIFA bütün materialları nəzərdən keçirdikdən sonra 38 yaşlı hakimin İntizam Məcəlləsini pozmadığı qənaətinə gəlib. Beləliklə, Evans dünya çempionatındakı fəaliyyətini davam etdirə biləcək.
