Futbol üzrə 2026-cı il dünya çempionatının ilk oyun günləri futbolsevərlərə həm maraqlı qarşılaşmalar, həm də gözlənilməz nəticələr bəxş edib. Xüsusən, start oyunlarını keçirən bəzi favorit komandalar turnirə uğurlu başlaya bilmədi. Misal üçün, Niderland Yaponiya ilə heç-heçə etdi - 2:2, Kabo-Verdeyə qarşı oyunda aşkar favorit hesab edilən İspaniya isə rəqibin müdafiəsini yara bilmədi və oyun qolsuz bərabərliklə yekunlaşdı. Bu siyahıya Türkiyə millisini də əlavə etmək olar. Azərbaycanlı azarkeşlərin xüsusi rəğbət bəslədiyi “ay-ulduzlu”lar ilk oyunda Avstarliyaya 0:2 hesabı ilə məğlub oldu.
Mundialda indiyədək keçirilən oyunlar, qeydə alınan nəticələr və komandaların çıxışı ilə bağlı fikirlərini öyrənmək üçün İdman.Biz minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyevə müraciət edib.
Elşad Quliyev sözünün əvvəlində mundialın Azərbaycan azarkeşləri üçün əlverişsiz saatlara təsadüf etməsinə baxmayaraq, əksər oyunları canlı izlədiyini qeyd etdi.
Qeydə alınan nəticələri dəyərləndirən Elşad Quliyev hesab edir ki, ilk turlardakı bəzi sürpriz hesablara baxmayaraq, favorit komandaların əsl gücü qarşıdakı oyunlarda üzə çıxacaq:
“Hələ ki, Avropa komandaları yerli hava şəraitinə uyğunlaşmaqda çətinlik çəkirlər. Adətən böyük komandalar qrup mərhələsinin oyunlarında bütün güclərini sərf etmirlər. Turnir irəlilədikcə, oyundan-oyuna favorit komandaların daha keyfiyyətli çıxış edəcəklər. İnanıram ki, qarşıdakı oyunlarda İspaniya, Niderland və digər favoritlərin əsl gücünə şahidlik edəcəyik”.
Məlumat üçün əlavə edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu minifutbol üzrə Azərbaycan millisi may ayında keçirilən Avropa çempionatında qızıl medal qazanaraq ikinci dəfə qitənin ən güclüsü olub.
