Somalili futbol hakimi Ömər Əbdülqadir Artan 2026-cı il Dünya Çempionatında iştirak edə bilməsə də, FIFA-dan turnir üçün nəzərdə tutulan ödənişi tam alacaq.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, ali futbol qurumu ABŞ-yə girişinə icazə verilməyən 34 yaşlı referiyə mundial çərçivəsində haqq etdiyi məbləğin ödənilməsinə qərar verib.
DÇ-2026-da oyun idarə etmək üçün ABŞ-yə yollanan Artan Mayami Beynəlxalq Hava Limanında miqrasiya əməkdaşları tərəfindən təxminən 11 saat sorğu-sual edilib.
Bundan sonra somalili hakimin ölkəyə girişinə icazə verilməyib. O, İstanbul vasitəsilə Somaliyə geri qayıdıb.
ABŞ tərəfi qərarı Artanın terror təşkilatlarının şübhəli üzvləri ilə mümkün əlaqələrinə dair məlumatlarla əsaslandırıb. Hakim isə ittihamları rədd edərək etibarlı vizaya, lazımi sənədlərə və FIFA akkreditasiyasına malik olduğunu bildirib.
Artan FIFA tərəfindən Dünya Çempionatına təyin olunan ilk somalili hakim idi. O, ölkəsinə qayıtdıqdan sonra gələcək mundialda iştirak etmək hədəfindən vaz keçmədiyini açıqlayıb.
Qeyd edək ki, Ömər Artan 2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən “Afrikanın ən yaxşı kişi hakimi” seçilib. O, həmin il Afrika Çempionlar Liqasının finalında və 20 yaşadək futbolçular arasında Dünya Çempionatında da hakimlik edib.
