Qonaqpərvərlik, yoxsa qısnama? Mundialda üç insident - FOTO

14 İyun 2026 18:23
128
Qonaqpərvərlik, yoxsa qısnama? Mundialda üç insident - FOTO

Meksikada keçirilən DÇ-2026-nın ilk günlərində yerli və xarici jurnalistlərin iştirakı ilə baş verən üç fərqli insident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, canlı yayımlar zamanı azarkeşlərin reportyorların şəxsi məkanına müdaxilə etməsi “qonaqpərvərlik, yoxsa qısnama?” sualını gündəmə gətirib.

İlk hadisə Qvadalaxara şəhərinin Zapopan bölgəsində yaşanıb. Cənubi Koreyanın MBC telekanalının jurnalisti Son Jang-hoon mundial ab-havasını canlı yayımla təqdim edərkən meksikalı qadın azarkeş gözlənilmədən ona yaxınlaşıb.

Qadın reportyorun qolundan tutaraq yanağından öpüb. Baş verənlərə təəccüblənən jurnalist sakitliyini qoruyub və yayımı davam etdirib.

Görüntülər sosial şəbəkələrdə fərqli reaksiyalar doğurub. Bəziləri bunu bayram əhvali-ruhiyyəsində edilən səmimi davranış kimi qiymətləndirib, digərləri isə razılıq olmadan şəxsi məkana müdaxilə sayıb.

İkinci insident Meksika millisinin CAR üzərində qələbə qazandığı açılış matçından sonra Mexiko şəhər stadionunun ətrafında qeydə alınıb.

Meksikalı idman jurnalisti Monserrat Qomes canlı yayım apararkən bir kişi arxadan yaxınlaşaraq onun belindən tutub və özünə tərəf çəkib.

Reportyor dərhal kişinin əlini kənarlaşdıraraq ondan uzaqlaşıb. Daha sonra görüntüləri sosial şəbəkədə paylaşan Qomes hadisəni həm qadın, həm də peşəkar jurnalist kimi hörmətsizlik adlandırıb.

Üçüncü hadisənin iştirakçısı isə DAZN-ın italiyalı əməkdaşı Alessio De Cüzeppe olub. Mexikoda azarkeşlərin arasından canlı yayıma çıxan jurnalist izdiham tərəfindən mühasirəyə alınıb.

Fanatlar reportyoru qəfil çiyinlərinə qaldırıblar. Mikrofonunu əlindən buraxmayan De Cüzeppe yaranan qarışıqlığa baxmayaraq, reportajını davam etdirməyə çalışıb.

Bu epizod daha çox zarafat və bayram əhvali-ruhiyyəsi ilə qarşılansa da, jurnalistin razılığı olmadan ona fiziki müdaxilə edilməsi yenidən müzakirə yaradıb.

Hər üç hadisə mundial həyəcanı zamanı azarkeş davranışının hansı məqamda şəxsi sərhədləri aşması barədə qlobal müzakirəyə səbəb olub.

İdman.Biz