DÇ-2026-nın görünməyən rəqibi: 49 matçı təhlükəli istilər gözləyir - FOTO

14 İyun 2026 17:35
108
DÇ-2026-nın görünməyən rəqibi: 49 matçı təhlükəli istilər gözləyir - FOTO

ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il Dünya Çempionatında futbolçular yalnız rəqiblərlə deyil, yüksək hava temperaturu ilə də mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, “Climate Central” iqlim araşdırmaları təşkilatının təhlilinə əsasən, mundialın 104 matçından 49-da futbolçuların performansına mənfi təsir göstərə biləcək ekstremal istilərin yaşanma ehtimalı ən azı 50 faizdir.

Araşdırmada iqlim dəyişikliyinin bu qarşılaşmaların 26-da yüksək temperatur ehtimalını ən azı 10 faiz bəndi artırdığı müəyyənləşdirilib.

Mütəxəssislərin fikrincə, 28 dərəcədən yuxarı temperatur futbolçuların fiziki göstəricilərinə, komandaların oyun strategiyasına və ümumi tempə ciddi təsir edə bilər.

Ən böyük risk Uruqvay - İspaniya matçındadır

İqlim dəyişikliyinin ən çox təsir göstərəcəyi qarşılaşmanın 26 iyunda Meksikanın Qvadalaxara şəhərində keçiriləcək Uruqvay - İspaniya oyunu olduğu bildirilib.

Bu matçda temperaturun 28 dərəcəni keçmə ehtimalı 70 faiz qiymətləndirilib. İqlim dəyişikliyi olmasaydı, bu göstəricinin 37 faiz bəndi daha aşağı olacağı hesablanıb.

Türkiyə və ABŞ arasında 25 iyunda Los-Ancelesdə keçiriləcək qarşılaşmada isə 28 dərəcə həddinin aşılması ehtimalı 49 faizdir. İqlim dəyişikliyinin bu göstəriciyə təsiri altı faiz bəndi təşkil edir.

Finalda da istilər təhlükə yarada bilər

19 iyulda Nyu-Cersidə təşkil olunacaq final matçında futbolçuların performansına mənfi təsir göstərə biləcək temperaturla qarşılaşma ehtimalı 47 faiz hesablanıb.

Təhlilə əsasən, iqlim dəyişikliyi olmasaydı, finaldakı yüksək temperatur riski 30 faiz səviyyəsində qalacaqdı.

Araşdırmada ev sahibi şəhərlərdə son illər qeydə alınan temperatur artımı da diqqətə çatdırılıb.

1994-cü il Dünya Çempionatının ev sahiblərindən Mayami və 1986-cı il mundialının keçirildiyi Mexikoda son 10 ildə iyun-iyul aylarında ekstremal isti günlərin sayı əvvəlki turnirlər dövrü ilə müqayisədə yeddi dəfə artıb.

Məsələ yalnız performansla məhdudlaşmır

Ortopediya və travmatologiya üzrə mütəxəssis, professor Abdullah Yener İnce "Anadolu Agentliyi"nə açıqlamasında yüksək temperaturun yalnız futbolçuların performansına deyil, sağlamlığına da təsir etdiyini bildirib.

Onun sözlərinə görə, isti hava şəraitində idmançılar daha çox maye itirir, ürək döyüntüləri sürətlənir və bərpa prosesi çətinləşir.

Xüsusilə qarşılaşmaların son dəqiqələrində yüksək tempdə qaçışları davam etdirmək daha çətin olur. Bədən müəyyən mərhələdən sonra performans göstərməkdən çox özünü soyutmağa çalışır.

İsti hava futbolçuların təkrarlanan sprintlərinin sayını azalda, diqqət və qərarvermə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Mütəxəssis komandaların hazırlıq düşərgələrində isti hava şəraitinə uyğunlaşmanı nəzərə almalarının vacibliyini vurğulayıb.

Onun fikrincə, yüksək pressinq və intensiv qaçış üzərində qurulan oyun sistemləri istidən daha çox zərər görə bilər. Topa nəzarət etməklə tempə qənaət edən komandalar isə müəyyən üstünlük əldə edə bilərlər.

Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda 16 şəhərdə keçiriləcək 104 qarşılaşmada mübarizə aparır.

İdman.Biz