2026-cı il Dünya Çempionatında keçirilən mətbuat konfranslarında ispan dilinin istifadəsi ilə bağlı qalmaqal yaşanıb.
İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, hadisə Braziliya - Mərakeş matçından əvvəl ABŞ-nin Nyu-Cersi ştatındakı “MetLife” stadionunda təşkil olunan mətbuat konfransında baş verib.
Meksikalı jurnalist Rodriqo Ornelas Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimiyə ispan dilində sual vermək istəyib. Lakin FIFA-nın moderatoru jurnalistin sözünü kəsərək sualın tədbir üçün müəyyənləşdirilən rəsmi dillərdən birində səsləndirilməsini tələb edib.
İspaniyada doğulan və bu dildə sərbəst danışan Hakimi sualı başa düşdüyünü və ispan dilində cavab verə biləcəyini bildirib. Buna baxmayaraq, moderator tərcümə ilə bağlı çətinlikləri əsas gətirərək cavabın rəsmi dillərdən birində verilməsini istəyib.
Nəticədə Hakimi ispan dilində verilən sualı ingilis dilində cavablandırıb.
Oxşar vəziyyət Braziliya millisinin hücumçusu Vinisius Juniorun mətbuat konfransında da yaşanıb. İspaniyada çıxış edən futbolçu jurnalistdən sualı ispan dilində verməsini istəsə də, tədbirin dil protokolu buna imkan verməyib.
Məlumata görə, Braziliya və Mərakeş nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransı üçün ingilis, portuqal, fransız, ərəb və italyan dillərində tərcümə nəzərdə tutulub. İspan dili isə siyahıya daxil edilməyib.
FIFA-nın ispan dilindən istifadəni bütün mətbuat konfranslarında qadağan etmədiyi bildirilir. Tədbirlərdə istifadə olunan dillər iştirakçı komandaların rəsmi dili, federasiyaların əvvəlcədən təqdim etdiyi tələblər və ingilis dili əsasında müəyyənləşdirilir.
Lakin Meksikanın mundialın üç ev sahibindən biri olması və ispan dilinin ABŞ-də ingiliscədən sonra ən geniş yayılan dil hesab edilməsi qərara etirazları artırıb.
İspaniyalı sabiq futbolçu Tyerri Anri də vəziyyəti tənqid edərək futbolun mövcud olmayan maneələr yaratdığını bildirib.
