Türkiyə milli komandası 2026-cı il futbol üzrə Dünya Çempionatında mübarizəyə məğlubiyyətlə başlayıb.
İdman.Biz xəbər verir ki, D qrupunun ilk turunda Avstraliya ilə qarşılaşan ay-ulduzlular meydanı 0:2 hesablı məğlubiyyətlə tərk ediblər.
Kanadanın Vankuver şəhərindəki “Bi-Si Pleys” stadionunda keçirilən görüşün ilk təhlükəli epizodu 26-cı dəqiqədə yaşanıb. Barış Alper Yılmazın ötürməsindən sonra Arda Gülerin zərbəsini Avstraliya millisinin qapıçısı dəf edib.
Cəmi bir dəqiqə sonra Avstraliya hesabı açıb. Müdafiədən göndərilən uzun ötürməni qəbul edən İrankunda Merih Demiralı keçərək qapıçı ilə üzbəüz qalıb və dəqiq zərbə ilə topu tora göndərib.
Türkiyə 30-cu dəqiqədə hesabı bərabərləşdirməyə yaxın olub. Abdülkerim Bardakçının uzaq məsafədən vurduğu top qapıçının müdaxiləsindən sonra dirəyə dəyərək meydana qayıdıb.
İkinci hissədə də Türkiyə yığması qol imkanları yaradıb. 56-cı dəqiqədə Arda Gülerin cərimə zərbəsini qapıçı Patrik Biç dəf edib. Qayıdan topu tamamlamağa çalışan İsmayıl Yüksək isə fərqlənə bilməyib.
Avstraliya 75-ci dəqiqədə üstünlüyünü artırıb. Metkalfın cərimə meydançasının kənarından endirdiyi güclü zərbə qapının küncündən tora daxil olub.
Beləliklə, Avstraliya mundiala üç xalla, 24 ildən sonra Dünya Çempionatında çıxış edən Türkiyə isə məğlubiyyətlə başlayıb.
Bu nəticədən sonra Avstraliya üç xalla D qrupunda ikinci pillədə qərarlaşıb. İlk turda Paraqvayı 4:1 hesabı ilə məğlub edən ABŞ millisi daha yaxşı top fərqinə görə qrupun lideridir. Türkiyə və Paraqvayın isə xalı yoxdur.
İkinci turda Avstraliya 19 iyunda ABŞ ilə qarşılaşacaq. Türkiyə millisi isə 20 iyunda Paraqvayla üz-üzə gələcək.
09:39
Avstraliya millisi 2026-cı il dünya çempionatının D qrupunun birinci turunda Türkiyəyə qarşı keçirdiyi oyunda üstünlüyünü möhkəmləndirib.
İdman.Biz xəbər verir ki, Türkiyə millisinin qapısından ikinci top Vankuverdəki “Bi-Si Pleys” stadionunda keçirilən qarşılaşmanın 75-ci dəqiqəsində keçirilib.
Qolun müəllifi yarımmüdafiəçi Konnor Metkalf olub. Avstraliyalı futbolçu cərimə meydançasının kənarından dəqiq uzaq zərbə endirərək rəqib qapıçıya şans verməyib və hesabı 2:0-a çatdırıb.
09:05
Avstraliya millisi 2026-cı il dünya çempionatında Türkiyəyə qarşı keçirdiyi oyunda hesabı açıb.
İdman.Biz xəbər verir ki, D qrupunun birinci turuna təsadüf edən qarşılaşma Kanadanın Vankuver şəhərindəki “Bi-Si Pleys” stadionunda keçirilir.
Matçda ilk qolun müəllifi Avstraliya millisinin yarımmüdafiəçisi Nestori İrankunda olub. O, 27-ci dəqiqədə Pol Okon-Enqstlerin ötürməsindən sonra dəqiq zərbə ilə hücumu tamamlayaraq komandasını hesabda önə çıxarıb - 1:0.
Buraxılan qoldan sonra fəallaşan Türkiyə millisi təşəbbüsü ələ keçirməyi bacarıb. Türkiyə yığması rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb və hesabı bərabərləşdirməyə yaxın olub. Lakin zərbələrdən birindən sonra top dirəyə dəyib.
Qeyd edək ki, D qrupunun digər oyununda ABŞ millisi Paraqvayı 4:1 hesabı ilə məğlub edərək turnir cədvəlinə başçılıq edir.
Avstraliya növbəti oyununu 19 iyunda ABŞ-a, 26 iyunda isə Paraqvaya qarşı keçirəcək. Türkiyə millisi 20 iyunda Paraqvayla üz-üzə gələcək, qrup mərhələsini isə 26 iyunda ABŞ-a qarşı oyunla başa vuracaq.
