Poçettino FIFA-nın yeniliyini tənqid etdi: “Hava yaxşıdırsa, buna ehtiyac yoxdur”

12 İyun 2026 15:02
93
Poçettino FIFA-nın yeniliyini tənqid etdi: “Hava yaxşıdırsa, buna ehtiyac yoxdur”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino DÇ-2026-da bütün matçlarda tətbiq olunan məcburi su fasilələri qərarını tənqid edib.

İdman.Biz xəbər verir ki, hazırkı mundialda hər görüşün hər hissəsində üç dəqiqəlik fasilə nəzərdə tutulub və bu qayda hava şəraitindən asılı olmayaraq tətbiq olunur. FIFA yeniliyi futbolçuların sağlamlığının qorunması ilə izah etsə də, qərar artıq oyunçular, məşqçilər və azarkeşlər arasında müzakirələrə səbəb olub.

Poçettino belə praktikanı dəstəkləmədiyini bildirib:

“Bu mənim xoşuma gəlmir. Hesab edirəm ki, belə fasilələr yalnız şərait həqiqətən ekstremal olduqda tətbiq edilməlidir. Amma hava şəraiti yaxşıdırsa, buna tamamilə ehtiyac yoxdur”, - deyə mütəxəssis bildirib.

Məcburi fasilələr telekanallara oyun zamanı əlavə reklam yerləşdirmək imkanı da yaradır. Yenilik oyunun dinamikasına təsiri səbəbindən də tənqid olunur. Fasilələr zamanı futbolçular məşqçilərdən əlavə tapşırıqlar alır, tribunadakı tamaşaçıların isə qida və içki almaq üçün diqqəti yayındığı qeyd edilir.

İdman.Biz