2026-cı ilin futbol üzrə dünya çempionatı artıq start götürüb və hazırda dünya futbol ictimaiyyətinin əsas müzakirə mövzusu məhz mundialdır. Planetin ən böyük futbol turniri azarkeşlərin diqqət mərkəzindədir, müxtəlif proqnozlar verilir, favoritlər müəyyənləşdirilir, gələcək çempionun kim olacağı sualı ətrafında müzakirələr aparılır.
Ölkəmizdə də dünya çempionatına maraq kifayət qədər yüksəkdir. Futbolsevərlər hansı komandaların medalçılar sırasında yer alacağını müzakirə edir, turnirin əsas favoritləri barədə fikirlərini bölüşürlər.
DÇ-2026 təkcə futbol həvəskarlarının deyil, Azərbaycanın müxtəlif idman növlərində uğurlar qazanmış tanınmış idmançılarının da diqqət mərkəzindədir. Onların mundialla bağlı düşüncələrini, azarkeşlik etdikləri komanda və futbolçular, turnirlə bağlı proqnozlarını öyrənmək üçün bir neçə idmançımızla əlaqə saxladıq.
İdman.Biz onların fikirlərini təqdim edir:

Cüdo üzrə olimpiya çempionları Zelim Kotsoyev və Hidayət Heydərov da mundiala xüsusi maraq göstərirlər. Kotsoyev İspaniya millisinə azarkeşlik etdiyini və favorit futbolçusunun Lamin Yamal olduğunu bildirib. Heydərov isə Portuqaliya yığmasına dəstək verir. Onun favorit futbolçusu Kriştianu Ronaldudur.

Güləş üzrə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı Mariya Stadnik:
“Bu dünya çempionatında Braziliyaya azarkeşlik edəcəyəm. Əvvəlki mundialda da bu komandaya azarkeşlik etmişdim. Braziliya millisinin oyun üslubu və texnikası xoşuma gəlir. Düşünürəm ki, finala İspaniya və Argentina yüksələcək. Hazırda bunlar ən güclü komandalardır. Məncə, dünya çempionu İspaniya olacaq. Turnirin ən yaxşı futbolçusu isə böyük ehtimalla Lamin Yamal seçiləcək”.
Gənclər arasında dünya çempionu Turan Bayramov:
“İspaniyaya azarkeşlik edirəm və elə bu komandanın da dünya çempionu olacağını düşünürəm. Mundialın ən yaxşı futbolçusunun isə Lamin Yamal və ya Usman Dembele olacağını hesab edirəm".

Karate üzrə Avropa çempionu Mədinə Sadıqova:
“Ən çox azarkeşlik etdiyim komanda Portuqaliyadır. Kriştianu Ronalduya azarkeşlik edirəm və onun çıxış etdiyi komandaları həmişə maraqla izləmişəm. Bununla yanaşı, Türkiyə millisinin uğurlarını da böyük maraqla izləyirəm və bu komandaya xüsusi rəğbətim var. Əgər Türkiyə finala yüksələ bilməsə, arzuladığım final Portuqaliya - Argentina qarşılaşması olar. Bu halda Messi ilə Ronaldunun son dünya çempionatlarında yenidən üz-üzə gəlməsi futbolsevərlər üçün çox xüsusi hadisəyə çevrilər. Qalib barədə proqnoz vermək çətindir. Amma belə bir finalı izləmək çox maraqlı olardı”.

Karate üzrə dünya və Avropa çempionatlarının medalçısı Asiman Qurbanlı:
“Mən uşaqlıqdan Braziliyaya azarkeşlik etmişəm. Bu çempionatda təmsil olunmasa da İtaliya komandasına da azarkeşlik etdiyim futbol millisidir. İstərdim ki, dünya çempionu Braziliya olsun. Amma proqnoz verməkdə çətinlik çəkirəm, Fransa da güclüdür, onların da şansı yüksəkdir. Qardaş ölkə Türkiyənin də çempion olmasını arzu edərdim, amma real baxsaq, bu, bir qədər çətin görünür. Mundialın ən yaxşı oyunçularına gəlincə, düşünürəm ki, bu Yamal, Olise, Mbappe, yaxud Holand ola bilər. Arda Gülerin də parlamasını istərdim, amma bu təbii ki, Türkiyə millisinin komanda şəklində göstərdiyi oyundan asılı olacaq”.
Tamblinq üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Tofiq Əliyev:
“Portuqaliya və qardaş Türkiyə millisinə azarkeşlik edəcəyəm. Portuqaliyanı bu mundialın qalibi kimi görürəm. Düşünürəm ki, komanda bu dəfə tam heyətlə, xüsusilə də Kriştianu Ronaldu üçün oynayacaq və böyük motivasiya ilə mübarizə aparacaq. Finalda Portuqaliya ilə İspaniyanın qarşılaşacağını düşünürəm. Mənim fikrimcə, turnirin ən yaxşı futbolçusu Bruno Fernandes olacaq”.

Azərbaycan basketbol millisinin kapitanı Amil Həmzəyev:
“Ürəyimdən keçən Türkiyə və Özbəkistan millilərinin uğurlu çıxış etməsidir. Amma azarkeşlik etdiyim komanda Portuqaliyadır. Kriştianu Ronaldunun demək olar ki, bütün titulları var. Yalnız dünya çempionluğu çatışmır. İstərdim ki, o, bu kuboku da qazansın. Final barədə danışmaq çətindir. Fransa, Portuqaliya, İspaniya, Braziliya və Argentina əsas favoritlər sırasındadır. Ən yaxşı futbolçu adına gəlincə, Erlinq Holand, Usman Dembele, Kilian Mbappe və Vinisius Junior namizədlər arasındadır. Komandalarının nəticəsindən asılı olaraq onlardan biri seçilə bilər. Maykl Olise də mənim favoritlərimdən biridir”.
